Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Rişi Sunak İlham Əliyevi Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib.
"Unikal"ın məlumatına görə təbrikdə deyilir:
"Hörmətli Prezident Əliyev.
Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsində səlahiyyətlərinizin icrasına başlamağınız münasibətilə Sizə ən xoş arzularımı çatdırıram.
Ötən 30 ildən artıq müddətdə ölkələrimiz arasındakı münasibətlər daha da güclənib. Təkcə son 12 ay ərzində biz Ukraynaya dəstək vermək üçün birgə işləmişik, Londonda strateji dialoqumuzu aparmışıq, minalardan təmizlənmə üzrə təcrübəmizi bölüşmüşük və ticarət əlaqələrimizi qurmağa davam etmişik.
2024-cü il Azərbaycan üçün daha çox əhəmiyyət kəsb edir, çünki siz noyabrda COP29-a ev sahibliyi etməyə hazırlaşırsınız. Enerji keçidlərini irəliyə aparmaq və qlobal emissiyaları azaltmaq baxımından bu, həyati əhəmiyyətli bir məqamdır. Məmnuniyyətlə bildirmək istəyirəm ki, biz artıq COP26-nın ev sahibi kimi öz dəstəyimizi və təcrübəmizi təklif edirik. COP29-un uğurla keçirilməsi üçün sizə dəstək verəcəyimizə əmin olar bilərsiniz.
Mən, həmçinin Ermənistanla sülh əldə etmək istiqamətində göstərilən səylər barədə də məlumatlıyam. Bu, münaqişəyə son qoymaq üçün tarixi bir şansdır. Mən davamlı müqavilənin hər iki ölkənin və ümumilikdə bütün regionun rifahı və sabitliyi üçün gətirəcəyi böyük faydaları yüksək qiymətləndirirəm. Davamlı sülhə nail olunmasında hər iki ölkəyə Böyük Britaniyanın davamlı dəstəyini bir daha vurğulayıram.
Yeni səlahiyyət müddətinizdə Sizə uğurlar arzulayır və tərəfdaşlığımızı daha da möhkəmləndirmək üçün Sizinlə işləməyi səbirsizliklə gözləyirəm".
*** 16:29
Mərakeşin Kralı VI Məhəmməd Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
"Unikal"ın məlumatına görə, təbrikdə deyilir:
"Zati-aliləri, əziz Qardaşım.
Yenidən Azərbaycan Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, ölkənizi daha da inkişafa və firavanlığa doğru aparan fəaliyyətinizdə davamlı uğurlar arzulamaqdan böyük məmnunluq duyuram.
Mən ölkələrimiz arasında dostluğa söykənən və davamlı inkişaf edən əlaqələrdən çox məmnunam. Odur ki, iki qardaş ölkəmizin xalqlarının qarşılıqlı rifahı naminə müxtəlif sahələrdə səmərəli əməkdaşlığımızı möhkəmləndirmək üçün birgə fəaliyyətimizi davam etdirməyi səbirsizliklə gözləyirəm".