"Avropa İttifaqı diplomatiyasının rəhbəri Cozef Borrel Azərbaycana qarşı əsassız iddialar səsləndirib".
Bunu "Unikal"a açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib. O bildirib ki, Prezident İlham Əliyev ötən gün andiçmə mərasimində etdiyi çıxışında bu iddialara cavab verib:
"Həmin adamlar başa düşürlər ki, Cənubi Qafqazda ən zəif oyunçu Ermənistandır. Mən düşünürəm ki, onlar belə bəyanatlar verməklə Ermənistanda öz nüfuzlarını yüksəltmək istəyirlər. Azərbaycan hökuməti dəfələrlə bəyan edib ki, müharibə etmək niyyətində deyil. Vurğulamaq lazımdır ki, delimitasiya və demarkasiya üzrə komissiya fəaliyyət göstərir. Eyni zamanda sülh müqaviləsi üzərində ciddi və intensiv iş gedir.
Avropa və Amerika tərəfindən belə bəyanatların verilməsi yalnız Ermənistanda onların öz nüfuzlarını qaldırmağa hesablanıb. Mənim zənnimcə, Avropa İttifaqı gələcəkdə Ermənistanı qorumaq bəhanəsilə onları silahlandırmağa cəhd göstərə bilər", - deyə sabiq nazir qeyd edib.
Elmar Məmmədyarov Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Zəngəzur dəhlizi ilə bağlı fikirlərini də şərh edib:
"Elçin Əmirbəyov qeyd edib ki, Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı B planı var. Məncə, B planı ondan ibarətdir ki, Azərbaycan bütün lazımi sazişləri İran tərəfi ilə bağlayacaq. Ona görə qərar qəbul olunub ki, avtomobil və dəmir yolu körpüləri tikilsin.
Burada çətin bir şey yoxdur. İran tərəfindən keçdikdən sonra, Ordubad istiqamətindən Naxçıvana yolu açarıq. Bu da, təxminən 45 kilometr məsafə deməkdir.
Türklər də qərar qəbul etdilər. Onlar Qarsdan Naxçıvana yol çəkmək istəyirlər. Orada dağlıq relyef olduğu üçün yol çəkilməsi bir qədər çətindir. Buna baxmayaraq, Ermənistana ehtiyac olmadan İran vasitəsilə bu işləri həyata keçirmək olar".
Murad İbrahimli