Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin sabiq Maliyyə Xidməti rəisi, polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
“Unikal”ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Müdafiə Nazirliyinin Maliyyə Büdcə İdarəsinin sabiq rəisi, hazırda digər cinayət işi üzrə həbsdə olan general-mayor Nizami Məmmədov ifadə verib:
“Rəşad Məlikzadəni tələbəlik illərindən tanıyıram, onunla bizim kəsişən hər hansı bir işimiz olmayıb. Mənimsəmə ilə bağlı isə sistem əvvəldən müəyyən olunub. 101 hərbi hissə olub tabeçiliyimizdə, hazırda 172 şəxsin adı keçir cinayət işində. Maliyyələşməni maliyyə xidmət rəisləri həyata keçirirdilər. Bütün hərbi hissələrdə ildə 1 dəfə təftiş olur. Hərbi hissələr gələn il üçün cari ilin noyab ayında smeta tərtib edib Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi vasitəsilə Maliyyə Nazirliyinə təqdim edirlər. Əlavə ayrılan pullar isə il ərzində ayrılırdı. Yəni əvvəlcədən bu məbləğ bilinmirdi”.
Prosesin bu yerində dövlət ittihamçısı Nizami Məmmədova ironiya ilə “Bu maliyyələşmə sistemi Konstitusiya ilə müəyyən olunub?”, - sualını verdi.
Nizami Məmmədov isə, “əgər bu sistem Konstitusiya ilə müəyyən olunsaydı məni tutmazdılar” - deyə cavab verib.
Sonra ifadəsini davam etdirən Nizami Məmmədov 1998-ci ildən Maliyyə sistemində işlədiyini bildirib:
“Mən bu sahəyə gəldiyim zamandan qabaqda, yəni 1993-cü ildən bu sistem belə işləyib. Maliyyələşmədə belə bir qayda var- “əsaslı formada xərclənmə yeyinti sayılımır”. Təsərrüfat, cari xərclər büdcədə nəzərdə tutulsada təmin olunacaq dərəcədə deyildi. Xüsusi tapşırıqlara gəldikdə isə bunun maliyyə xidmət rəislərinə aidiyyatı yox idi, onları mən verirdim”.
Xüsusi tapşırıqlarla bağlı dövlət ittihamçısı Rəşad Məlikzadəyə belə bir sual ünvanladı: “Rəşad Məlikzadə, sizə xüsusi tapşırıqlarla bağlı ayrılan pullar olub?”
Rəşad Məlikzadə- Şəxsi heyətin sayına görə illik smeta ayrılırdı. 20, 30 faiz olan pullar isə xüsusi təyinatlara xərclənirdi. Artıq pullar bizə çatan kimi həmin faziləri göndərirdik yuxarı. Mənə bütün tapşırıqları Rafael Xələfov verib. Ona kim “bu formada” tapşırıqlar verirdi onu dəqiq deyə bilmərərm. Rafel Xələfov 11 ayın sultanı idi, 12-ci ay biz onu tapa bilmirdik. Nizami Məmmədova gəldikdə isə, onun tərəfindən mənə heç bir xüsusi tapşırıq verilməyib, ümumiyyətlə iş prosesində onunla rastlaşmamışam.
Təqsirləndirilənin cavabından sonra onun hüquqlarını müdafiə edən vəkil Nizami Məmmədova bəzi sullar verib:
Vəkil- Müdafiə Nazirliyində maliyyələşmə həmişə mövcud olub. Sizdən əvvəldə Namiq Poladov olub idarə rəisi, onun vaxtında da belə olub?
Nizami Məmmədov- Mən gəldikdən sonra təftişin faizini 40 faizdən 30 faizə saldım, maliyyələşmənin faizini isə 10 faizdən 20 faizə qaldırdım. Ancaq sistem eyni formada işləməyə başladı. Ancaq Rafael Xələfov, yəni təftiş şöbəsi gedib hərbi hissəni yoxlayırdı, maliyyəçiləri yükləyirdi, bunları mən həbs olunandan sonra bildim. Rafael Xələfov ilkin ifadəsində deyib ki, getdim aldım gətirdim verdim. Sonrakı ifadəsində isə fərqli ifadələr verib. Şəxsən Rəşad Məlikzadəni aldadıb. Aldığını bizə düzgün göstərməyib. Şəxsən mən ancaq müəyyən təftiş və maliyyə şöbəsinin əməkdaşlarını tanımışam. Onlardan başqa heş kimə əlavə tapşırıq verməmişəm, hətta qohumlarım belə olub işləyənlər arasında. Vəkil-Rəşad Məlikzadənin ittiham aktında göstərilib ki, onun əlindən xüsusi tapşırıqlarla bağlı 2 milyon manat pul keçib, bunu təsdiqləyirsiz?
Nizami Məmmədov- Heç bir maliyyəçiyə xüsusi tapşırıq verilməyib. Nəriman Cabbarov, Süleyman Abbasov və Rafael Xələfova xüsusi tapşırıqlar vermişəm. Mən xüsusi tapşırıqlarla bağlı mənimsədiyim bütün, yəni 12 milyon manat civarında məbləği ibtidai istintaq müddətində ödəmişəm. Yazırlar ki, Nizami Məmmədov 143 milyon manat mənimsəyib. Əgər elədirsə o zaman bu insanları niyə tutublar? İttiham aktında yazırlar ki, Rafael Xələfov misal üçün deyib ki, rəisin xüsusi tapşırığı var, 500 min gətir ver. Ancaq onların çoxundan mənim xəbərim olmayıb.
Vəkil- Rəşad Məlikzadə belə ifadə verib ki, xüsusi tapşırıqlarla bağlı 1 milyon 650 min manat vermişəm, təsdiq edirsiz?
Nizami Məmmədov- Rəşad Məlikzadəyə gəldikdə isə, mənim qeydlərimdə var ki, ona dediyim şəxslər vasitəsilə 2 dəfə xüsusi tapşırıq vermişəm, ancaq yenə deyirəm məbləğlər maliyyəçilərə Rafael Xələfov, Nəriman Cabbarov və Süleyman Abbasov tərəfindən şişirdilmiş rəqəmlərlə deyilib. Mən tək Rəşad Məlikzadə ilə bağlı yox, bütün şəxslərlə bağlı ibtidai istintaqa verdiyim ilkin ifadəni təsdiq edirəm.
Prosesin növbəti hissəsi, yəni Rafael Xələfovla, Nəriman Cabbarovun Rəşad Məlikzadə ilə üzləşmə mərhələsi vəkillərin vəsatəti ilə qapalı keçirildi.
Qeyd edək ki, Rəşad Məlikzadə 26 sentyabr 2022-ci il tarixdə DTX tərəfindən saxlanılmış və barəsində Bakı Hərbi məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmişdir.
Rəşad Məlikzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
R.Məlikzadə 9.369.411,09 manat pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.
Azər İsrafilov