Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən Elxan Əliyev, Vəfadar Aslanov və Yusif Əliyevin məhkəmə prosesi davam etdirilib.
"Unikal"ın əldə etdiyi məlumata görə, 30 min dollarlıq torpaq alqı-satqısında təqsirləndirilən şəxslərin vəkilləri çıxış edib və müvəkkilərinə bəraət istəyiblər.
Təqsirləndirilən şəxslərdən 2 nəfər özlərini günahsız bilərək hakimdən onlara bəraət verilməsini xahiş ediblər. Elxan Əliyevin isə səhhəti imkan vermədiyindən məhkəmədən son söz üçün vaxt istəyib. Hakim isə onun sözlərini son söz kimi qəbul edib və hökmü elan edib.
Hökmə görə, Elxan Əliyev 5 il azadlıqdan məhrum edilib, Vəfadar Aslanov və Yusif Əliyev isə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 5 il şərti olaraq azadlıqdan məhrum ediliblər. Həbsdə olan Vəfadar Aslanov dərhal məhkəmə zalından azadlığa buraxılıb, ev dustaqlığında olan Yusif Əliyevin qətimkan tədbiri isə şərti cəza ilə əvəz olunub.
Xatırladaq ki, Elxan Əliyev Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəal üzvüdür.
Azər İsrafilov