Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Polşanın Varşava Texnologiya Universitetinin (VTU) nümayəndə heyəti ilə görüş keçirilib.

"Unikal" xəbər verir ki, Elm və təhsil nazirinin müşaviri Azər Abizadənin də iştirak etdiyi görüşdə iki universitet arasında əməkdaşlıq imkanları müzakirə olunub.  

Qonaqları salamlayan rektor professor Gülçöhrə Məmmədova Azərbaycan – Polşa  əlaqələrindən, ölkələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən elm, təhsil sahəsində əməkdaşlığından, müxtəlif layihələrdə birgə iştirakından bəhs edib. Dünyanın aparıcı universitetləri ilə elm və təhsilin müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsindən danışan rektor, Avropanın ali məktəbləri ilə tərəfdaşlıq münasibətlərinin inkişafına, o cümlədən VTU ilə əlaqələrə toxunub, iki universitet arasında əməkdaşlıq memorandumunun mövcudluğuna diqqət çəkib. 

Qonaqlara AzMİU-nun fakültələri, fəaliyyət istiqamətləri, maddi-texniki bazası, elmi-tədqiqat imkanları və laboratoriyaları haqqında geniş məlumat verən professor Gülçöhrə Məmmədova əlaqələrin inkişaf etdirilməsi üçün böyük imkanların mövcud olduğunu qeyd edib.  

VTU ilə bağlı təqdimatla çıxış edən professor Artur Zbiciak ali təhsil müəssisəsinin tarixindən, elmi nəşrləri, tədqiqat imkanları və beynəlxalq əlaqələrindən danışıb, fakültə, ixtisas və tələbə sayı üzrə statistikanı diqqətə çatdırıb. Universitetin təklif etdiyi proqramların akademik keyfiyyəti, ingilis dilində bakalavr və magistr təhsili barədə məlumat verən Artur Zbiciak digər təqdimatında elmi işlər üzrə dekan müavini kimi çalışdığı İnşaat mühəndisliyi fakültəsinin fəaliyyəti və fakültə üzrə əməkdaşlıq sahələri haqqında zəruri informasiyaları nəzərə çatdırıb. 

VTU-nun adıçəkilən fakültəsinin İnşaat və texniki layihələndirmə kafedrasının rəhbəri və bir zamanlar AzMİU-nun İnşaat fakültəsinin tələbəsi olmuş professor Nəbi İbadov isə universitetlər arasında əməkdaşlığın daha da genişləndirilməsi imkanları ilə bağlı fikirlərini bölüşüb. 

Görüşdə qərara alınıb ki, ilkin mərhələdə inşaat və memarlıq istiqamətlərində əlaqələr daha da genişləndirilsin, qarşılıqlı səfərlər, birgə tədqiqatlar, müəllim-tələbə mübadiləsi həyata keçirilsin və uyğun ixtisaslar üzrə ikili diplom proqramlarının tətbiq imkanı nəzərdən keçirilsin. 

Görüşdən sonra nümayəndə heyəti AzMİU-nun kampusu, İnşaat fakültəsi, laboratoriyaları ilə yaxından tanış olublar. Qonaqlara həyata keçirilən təcrübələr, tələbəyönümlü tədqiqat işləri, sənaye ilə əməkdaşlıq və s. məsələlər haqqında ətraflı məlumatlar verilib.