Bu gün tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazilərinin 30 il davam edən işğalına son qoymaqla, yeni reallıq formalaşdırdı. Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 qeyri-anklav kəndinin (Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı kəndləri) bir güllə atılmadan, qan tökülmədən Azərbaycana qaytarılması ölkəmizin və Ali baş Komandan, Prezident İlham Əliyevin növbəti qələbəsidir. Bu hadisə müdrik, qətiyyətli və cəsarətli Liderin siyasətinin nəticəsidir.
Ermənistanın qeyri-anklav dörd kəndi 34 il sonra heç bir qarşıdurmasız və qurbansız qaytarmağa razılaşmasını əgər belə demək mümkünsə, Azərbaycan torpaqlarını addım-addım, qarış-qarış toplayan Prezident İlham Əliyevin ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsində nə qədər ardıcıl və prinsipial mövqe tutmasının növbəti təzahürüdür. Bu, həm də 44 günlük Vətən müharibəsindən, 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror əməliyyatlarından, həmçinin rusiyalı sülhməramlıların bölgədən çıxmasından sonra cənab Prezidentimizin xalqımıza növbəti ən qiymətli hədiyyəsidir. Artıq göründüyü kimi, Zəfərimiz yeni-yeni hədəflərə yol açır. Bu gün ölkəmizdə quruculuq layihələri uğurla həyata keçirilir. Azərbaycan istər regionda, istərsə də dünyada siyasi mənzərəni dəyişdi. Kimin kim olduğu bir daha dünyaya açıqlandı.
44 günlük müharibə sözün əsl mənasında həqiqət anı oldu. Müharibə bizim gücümüzü, əyilməz iradəmizi, birliyimizi, müharibə, qələbə rəmzinə çevrilən dəmir yumruq öz gücünü göstərdi. Bu, həm birlikdir, həm gücdür. Cəmiyyətimizdə birlik də var, ölkəmizin gücü də var. Bu birliyimiz, həmrəyliyimiz bu gün işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə yönəldilib. Baxmayaraq ki, düşmən işğal etdiyi və artıq azad olunmuş torpaqlarda hər şeyi dağıdıb, bütün şəhərlərimiz, kəndlərimiz müasir tələblər səviyyəsində yenidən qurulur.
Qarabağın və Şərqi Zəngəzurun hava qapıları dünyaya açıldı. Şuşamızın hər günü çal-çağırlıdır. Diplomatik mərkəzə çevrilən Şuşa neçə-neçə sənədlərin imzalanmasına şahidlik edir. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə hər səfəri Böyük Qayıdışımızın sürətlənməsinə xidmət edən addımlarla zəngindir. Tezliklə Qarabağ və Şərqi Zəngəzur böyük investisiyalar məkanına çevriləcək. Azərbaycanın bu günkü Zəfəri dünənimizə baxış, gələcəyimizlə bağlı yeni-yeni hədəflərin müəyənləşdirilməsində stimulverici amildir.
Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov