Şəmkirdə mağazada baş verən yanğının qəsdən törədildiyi məlum olub.
"Unikal"ın əldə etdiyi məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisindəki mağazanı qəsdən yandırmaqda şübhəli bilinən rayon sakini E.Məmmədov saxlanılıb.
Qeyd edək ki, E.Məmmədov Vətən müharibəsi qazisidir. Onun nisyə içki üstündə bu addımı atdığı bildirilir.
Murad İbrahimli
***
09:30
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şəmkir rayonu, 20 Yanvar küçəsində yerləşən mağazada yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən "Unikal"a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bir-birinə bitişik ticarət obyektlərində baş verdiyi və genişlənərək digər obyektlərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.
FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində yanğın genişlənib digər obyektlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində vətəndaşlara məxsus ümumi sahəsi 40 kvadratmetr olan mağazanın içərisində olan mallar və digər mağazanın yanar konstruksiyaları və dam örtüyü 40 kvadratmetr sahədə yanıb.
Bitişik tikilən digər ticarət obyektləri yanğından mühafizə olunub.
Xəsarət alan yoxdur.