Ermənistanın Avropa İttifaqındakı səfiri Tiqran Balayan Rusiyanın Cənubi Qafqazdakı maraqlarına zərbə vurmaq cəhdlərini “intihar addımı” adlandırıb.
"Unikal" xəbər verir ki, o bu barədə “Politico”ya müsahibəsində bildirib.
Erməni diplomat vurğulayıb ki, Ermənistanın xarici siyasətində Avropa İttifaqı ilə münasibətlərin möhkəmlənməsinə səbəb olan dönüş Moskva üçün təhlükə yaratmır.
“Ermənistanın coğrafi mövqeyi o deməkdir ki, onun Rusiya ilə tarixən və praktiki olaraq o qədər çox əlaqələri var ki, yalnız xəyalpərəstlər Ermənistanın regionda Rusiyanın maraqlarını pozmağa çalışaraq intihara meyilli addım atacağını düşünə bilərdi”, - deyə Tiqran Balayan bildirib.
O əlavə edib ki, Ermənistanla Aİ arasında münasibətlər milli maraqlara əsaslanır və hazırda bu maraqlar Aİ və onun bütün üzvləri ilə nümunəvi münasibətlər tələb edir.
“Bu, Rusiya ilə yaxşı ikitərəfli münasibətləri istisna etmir və biz bunu rusiyalı həmkarlarımıza izah etmək istəyirik”, - deyə o vurğulayıb.