Aprelin 30-da Kuba Kommunist Partiyası (KKP) Mərkəzi Komitəsinin təşəbbüsü ilə Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla KKP Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Kuba Respublikası Xalq Hakimiyyəti Milli Assambleyasının deputatı Emilio Ratmir Lozada Qarsia arasında videoformatda görüş keçirilib.
"Unikal" xəbər verir ki, görüşdə dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Kuba münasibətlərinin inkişafının məmnunluq doğurduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, Azərbaycan ilə Kuba qlobal müstəvidə, o cümlədən BMT, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar səviyyəsində bir-birinin mənafelərini müdafiə edir və səmimi dostluq örnəyi sərgiləyirlər.
Emilio Ratmir Lozada Qarsia Azərbaycanın 1993-cü ildə BMT Baş Assambleyasının 48-ci sessiyasında Kubaya qarşı embarqonun aradan qaldırılmasını tələb edən qətnaməni postsovet məkanında dəstəkləyən yeganə ölkə olduğunu xatırladaraq bu faktı Ümummilli Lider Heydər Əliyevin Kuba dövlətinə və xalqına dost münasibətinin göstəricisi kimi dəyərləndirib. O, Azərbaycanın bu gün də istər ikitərəfli qaydada, istərsə də beynəlxalq platformalarda Kubaya dost münasibətini minnətdarlıqla qarşıladıqlarını bildirib. Onun sözlərinə görə, regionda və dünyada nüfuzu artmaqda olan Azərbaycan ilə əlaqələr çərçivəsində Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığın qurulması Kuba Kommunist Partiyası üçün böyük önəm daşıyır.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan dövlətinin ünvanına söylədiyi xoş sözlərə görə Emilio Ratmir Lozada Qarsiaya təşəkkürünü bildirib və iki ölkə arasında əlaqələrin tarixi köklərə malik olduğunu, vaxtilə yüzlərlə kubalı gəncin Azərbaycanda ali təhsil aldıqlarını vurğulayaraq bu gün də dövlətlər arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın inkişafı üçün geniş potensialın mövcud olduğunu qeyd edib. O, Kuba Respublikasının Prezidenti Miqel Mario Dias-Kanel Bermudesin 2019-cu ildə Bakıda keçirilən Qoşulmama Hərəkatının Zirvə toplantısında iştirakının, eləcə də 2020-ci ildə COVID-19 pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində kubalı mütəxəssislərdən ibarət həkim briqadalarının ölkəmizə gəlməsinin Azərbaycan ilə Kuba arasındakı dostluq münasibətlərinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Tahir Budaqov Azərbaycan Respublikasının 2025-2027-ci illər üçün Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasına üzvlüyünə namizədliyinin Kuba tərəfindən dəstəklənməsinə görə minnətdarlığını ifadə edib.
Söhbət zamanı Yeni Azərbaycan Partiyası və Kuba Kommunist Partiyası arasında əlaqələrin də inkişaf etdirilməsinin önəmi diqqətə çatdırılıb. Qeyd olunub ki, qarşılıqlı səfərlərin və intensiv görüşlərin həyata keçirilməsi, fikir və təcrübə mübadiləsinin aparılması Azərbaycan-Kuba münasibətlərinin mühüm tərkib hissəsi kimi partiyalararası əlaqələrin inkişafına əhəmiyyətli töhfə olacaq.
Görüşdə gələcəkdə partiyalararası əməkdaşlıq sazişinin imzalanması perspektivləri haqqında fikir mübadiləsi aparılıb və bu barədə razılıq əldə olunub.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər bir sıra məsələlər də müzakirə edilib.
Qeyd edək ki, onlayn görüşdə Azərbaycanın Kubadakı səfiri Ruslan Rzayev və Kubanın ölkəmizdəki səfiri Karlos Enrike Valdes de la Konsepsyon da iştirak ediblər.