IV Bakı Beynəlxalq Humanitar Forumunun yekununda Bəyannamə qəbul edilib
“Unikal” Bəyannamənin mətnin təqdim edir:
“Biz, 2014-cü il 2-3 oktyabr tarixlərində Bakıda keçirilən Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün müxtəlif ölkələrdən toplaşmış siyasət, elm və mədəniyyət xadimləri, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələrinin nümayəndələri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasını alqışlayaraq;
ahəngdar davamlı inkişafın təmin edilməsi, dünyada artan siyasi və hərbi münaqişələrin qarşısının alınması məqsədilə beynəlxalq humanitar əməkdaşlığın və effektiv tərəfdaşlığın bu sahədə daim artan əhəmiyyətini nəzərə alaraq;
Birləşmiş Millətlər Təşkilatının “Minillik Bəyannaməsi”ni və onun 2015-ci ildən sonrakı dövr üçün regional, iqtisadi, sosial və gender inkişafı sahəsində dünyada müşahidə olunan bərabərsizliyin aradan qaldırılmasına yönəlmiş gündəliyini rəhbər tutaraq;
istehlakın fasiləsiz artırılması hesabına iqtisadiyyatın stimullaşdırılması üsullarının davamlı inkişaf prinsipləri ilə ziddiyyət təşkil etdiyinə, ciddi resurs, etik, humanitar məhdudiyyətlərlə üzləşdiyinə və qarşısıalınmaz qlobal ekoloji problemlərə gətirib çıxardığına diqqəti yönəldərək;
müasir biliklərə, insan potensialına və ekoloji sivilizasiya prinsiplərinə əsaslanan uzunmüddətli davamlı inkişafın təmin edilməsinə töhfə verməyə çalışaraq;
qloballaşma şəraitində ümumi gələcəyimizin formalaşmasının səmərəli elmi əsaslara söykənən və humanitar etikanın prinsiplərini nəzərə alan intellektual, mədəni, sosial insan potensialının səfərbər edilməsi və planetimizdəki mövcud təbii müxtəlifliyin qorunması yolu ilə təmin olunmasını etiraf edərək;
XXI əsrin çağırışlarına müasir elmi və ənənəvi biliklərin yalnız informasiya texnologiyaları ilə geniş inteqrasiyası şəraitində səmərəli cavabın mümkünlüyünü, eyni dərəcədə onların qlobal və milli səviyyələrdə geniş istifadə imkanlarını nəzərə alaraq;
ictimaiyyətin məlumatlılığının artırılmasında, humanitar inkişaf sahəsində vəzifələrin həyata keçirilməsi və planlamada iştirakın genişləndirilməsində vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələrinin xüsusi rolunu vurğulayaraq;
siyasi, mədəni və elmi elitanı, beynəlxalq təşkilatları, vətəndaş cəmiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələrini inkişaf proseslərinin davamlılığının təmin olunması məqsədilə humanitar əməkdaşlığı daha da gücləndirməyə çağıraraq;
resursların məhdudluğu şəraitində onların davamlı inkişaf və humanitar etika prinsiplərinə əsaslanan optimal istifadəsinin qazanılmış nailiyyətlər zəminində aktiv fəaliyyəti nəzərdə tutduğunu dərk edərək;
- Multikulturalizmin müqayisəli tədqiqləri: nəzəriyyədən humanist təcrübəyə doğru
- Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meyilləri
- İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu
- Davamlı inkişaf və ekoloji sivilizasiya
- Qloballaşmanın çağırışları: ənənə və transformasiya arasında
- Molekulyar biologiya və biotexnologiya XXI əsrdə: nəzəriyyə, təcrübə, perspektivlər
- Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları
- Humanizm postmodern dövrün başlıca dəyəri kimi
problemlərini geniş fikir mübadiləsi çərçivəsində nəzərdən keçirərək,
beynəlxalq humanitar əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsinin müasir çağırışlara və təhdidlərə effektiv cavab olduğunu, indiki və gələcək nəsillərin rifahının təmin olunmasına yönələn müasir idarəetmə və istehsal texnologiyalarının tətbiqinin genişləndirilməsinə imkan yaratdığını təsdiq edirik;
Azərbaycan Respublikasının təşəbbüsü ilə keçirilən ənənəvi Bakı Beynəlxalq Humanitar Forumunun postmodern dövrün əsas dəyəri kimi humanist təcrübəyə əsaslanan multikulturalizmin inkişafına mühüm töhfə verdiyini qeyd edirik;
son illər ərzində Azərbaycan Respublikasında, eləcə də bir sıra ölkələrdə davamlı inkişaf proseslərinin planlaşdırılması və idarə olunması sahəsindəki əhəmiyyətli irəliləyişin beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapdığının şahidi oluruq;
istehlak cəmiyyətinin səmərəli kafilik səviyyəsində bir humanist istehlak cəmiyyətinə çevrilməsi və eyni dərəcədə ekoloji sivilizasiyanın tələblərinə cavab verən həyat tərzinə nail olunması üçün beynəlxalq əməkdaşlığın gələcək inkişafının vacibliyini xüsusi vurğulayırıq;
ən yeni elmi nailiyyətlərə əsaslanan nanotexnologiyaların və biotexnologiyaların tətbiqinin, eləcə də ərzaq və dərman təhlükəsizliyinin təmin olunması üçün müasir və ənənəvi texnologiyaların konvergensiyasının, insanların uzunömürlülük potensialının gerçəkləşdirilməsinin və həyat keyfiyyətinin yüksəldilməsinin əhəmiyyətini qəbul edirik;
fənlərarası da daxil olmaqla ən yeni bilik və bacarıqların fasiləsiz təhsil proqramları ilə inteqrasiyasının, eləcə də bu sahədə əməkdaşlığın genişləndirilməsi vasitəsilə insan potensialının inkişafının davamlı inkişafın ən mühüm humanitar meyarı olduğunu etiraf edirik;
humanitar inkişafın məqsədlərinə nail olunmasında kütləvi informasiya vasitələrinin və vətəndaş cəmiyyətinin məlumatlılığın yüksəldilməsi və inkişafın humanitarlaşdırılması proseslərində iştirakının genişləndirilməsi yolu ilə getdikcə artan rolunu nəzərə çarpdırırıq;
humanitar inkişaf sahəsində ixtisaslaşmış müxtəlif beynəlxalq və milli qurumları tolerantlıq, qarşılıqlı ehtiram mühitinin formalaşdırılması və müasir qlobal, lokal çağırışların həllinə yönəlmiş müntəzəm forum, konfrans, müzakirə və dəyirmi masalar təşkil etməyə çağırırıq;
bu kimi forumların hər il keçirilməsi zərurətinə əminliyimizi ifadə edərək Azərbaycan Respublikasının Prezidentinə və Hökumətinə, Heydər Əliyev Fonduna, Bakı Beynəlxalq Humanitar Forumunun bütün təşkilatçılarına belə mötəbər və səmərəli tədbir keçirdiklərinə görə dərin minnətdarlığımızı bildiririk;
bu Bəyannamənin qəbul edilməsini və humanitar inkişaf sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə istifadəsini vacib sayırıq”.