Suraxanı Rayon İdarəsinin əməkdaşları tərəfindən aprel ayı ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 55 fakt aşkar olunub.
Daxili İşlər Nazirliyindən "Unikal"a verilən xəbərə görə, narkotiklərin satışı ilə məşğul olan 16, daşınması və dövriyyəsi ilə bağlı 39 şəxs cinayət məsuliyyətinə cəlb olunub. Qanunsuz dövriyyədən 5 kiloqram müxtəlif növ narkotik vasitə və 300 ədəd psixotrop tərkibli həb çıxarılıb.
Həmçinin, İdarə əməkdaşları tərəfindən vətəndaşların şikayətləri əsasında həyata keçirilən əməliyyatlarla “Renault” markalı avtomobil qaçırmaqda şübhəli bilinən Sərdar Qəzənfərov, “Ravon” markalı nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən Rəvan Rəhimov və Yeni Günəşli qəsəbəsində “Land Rover” markalı maşın qaçıraraq yol nəqliyyat hadisəsi törətmiş yetkinlik yaşına çatmayan daha bir nəfər müəyyən olunaraq saxlanılıblar.
Həyata keçirilən digər əməliyyatlar zamanı Qaraçuxur qəsəbəsində “Chevrolet” və “Hover” markalı iki nəqliyyat vasitəsini yandıraraq vətəndaşların əmlakına qəsdən zərər vuran Elgün Təhməzov və Zığ-Hava Limanı beton yolunun kənarında 4 kilometrlik hissədə elektrik xəttlərini oğurlayan Dövlət Həsənov da saxlanılıblar.
Faktlarla bağlı Suraxanı RPİ-də araşdırmalar davam etdirilir.