İranda iyunun 28-nə təyin edilmiş prezident seçkilərində namizədliyini irəli sürmək niyyətində olanlar üçün beş günlük qeydiyyat müddəti başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə İranın daxili işlər naziri Əhməd Vəhidi açıqlayıb.
Namizədlərin qeydiyyatı iyunun 3-də başa çatacaq. İyunun 4-dən iyunun 10-dək İran Konstitusiyasının Keşikçilər Şurası hər bir qeydiyyatdan keçən şəxsin lazımi tələblərə uyğunluğunu yoxlayacaq.
O cümlədən, 40 yaşdan 75 yaşa qədər ən azı magistr dərəcəsi olan şəxslər səsvermə üçün qeydiyyatdan keçə bilərlər. Şura ərizələrə baxdıqdan sonra İranın Daxili İşlər Nazirliyi təsdiq edilmiş namizədləri iyunun 11-də elan edəcək, ardınca isə seçki kampaniyası öz növbəsində iyunun 26-dək davam edəcək.
İyunun 28-də İranda növbədənkənar prezident seçkiləri keçiriləcək.
Qeyd edək ki, İran prezidenti İbrahim Rəisi helikopter qəzasında həlak olub, bundan sonra yeni seçkilərin keçirilməsi ilə bağlı qərar açıqlanıb.
Ağarza Elçinoğlu