Böyük Britaniyada parlament qarşıdan gələn növbədənkənar seçkilərlə əlaqədar rəsmən buraxılıb.
"Unikal" xəbər verir ki, bu barədə qanunverici orqanın saytında bildirilir.
Mövcud qanuna görə, parlament ümumi seçkilərə 25 iş günü qalmış buraxılmalıdır. Baş nazir Rişi Sunakın təşəbbüsü ilə keçirilən növbədənkənar seçkilər iyulun 4-də baş tutacaq.
Sunak keçən həftə Böyük Britaniya kralı III Çarlzın parlamentin buraxılması tələbini təmin etdiyini açıqlamışdı.
Böyük Britaniya parlamentinin buraxılması avtomatik olaraq onun İcmalar Palatasındakı 650 yerin hamısının boşalması deməkdir. Seçkilərdən sonra iyulun 9-da parlament spiker seçmək və deputatların and içməsi üçün yeni tərkiblə görüşəcək.
Xatırladaq ki, bundan əvvəlki seçkilər 2019-cu ildə keçirilib. Həmin vaxt Boris Consonun rəhbərlik etdiyi Mühafizəkarlar Partiyası böyük qələbə qazanmışdı.
Ağarza Elçinoğlu