Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Aygün Həsənovanın Almaniyanın Bonn şəhərində keçirilən seminarda iştirakına yol verməmək, onun Şengen ərazisinə girişinin qarşısının almaq yönümlü hərəkətlər dərin təəssüf hissi doğurur. Fransanın sifarişi səbəbindən meydana çıxan bu insident hüquq normalarını pozmaq, söz və ifadə azadlığını məhdudlaşdırmaq cəhdidir.

"Unikal" xəbər verir ki, bu barədə Mətbuat Şurasının bəyanatında deyilir.

"Nəzərə alaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) Katibliyinin təşkilatçılığı ilə keçirilən tədbirə dünyanın bir çox ölkələrindən jurnalistlər dəvət ediliblər. O cümlədən, azərbaycanlı jurnalistin də toplantıda iştirakı əvvəlcədən müəyyənləşdirilib və bu məqsədlə bütün zəruri prosedurlar yerinə yetirilib. Çoxgirişli Şengen vizası, seminara dəvət və digər sənədlər qaydasında olub. Nəticədə Azərbaycanın Almaniyadakı səfirliyinin və UNFCCC Katibliyinin səyləri ilə Almaniyanın rəsmi qurumları Fransanın tələbinin əsassız olduğunu görüblər. Bundan sonra A.Həsənovanın ölkəyə daxil olmasına icazə verilib.

Fransanın yanaşması siyasi xarakterlidir, qərəzlidir, nəinki hüquqa, heç adi etik normalara da sığmır. Bu, ölkənin media dəyərlərinə, azad sözə dözümsüz münasibətidir. Fransa nəzərə almalıdır ki, jurnalist fəaliyyətini məhdudlaşdırmaq cəhdi, eyni zamanda, demokratizmi, bəşəri prinsipləri heçə saymaqdır. Təəssüf ki, ölkə hakimiyyətində bu barədə düşünən yoxdur.

Azərbaycan Mətbuat Şurası dünyanın aparıcı jurnalist dairələrini, insan hüquq və azadlıqlarını qorumağa mükəlləf təşkilatları Fransanın AZƏRTAC-ın əməkdaşı Aygün Həsənovanın fəaliyyətini məhdudlaşdırmaq istəyini qətiyyətlə pisləməyə çağırır. Şuranın mövqeyi budur ki, Avropanın mərkəzində jurnalistə qarşı belə siyasi yanaşmanın tətbiqi cəhdinin mənfi presedent yarada bilmə ehtimalı böyükdür. Ona görə də bu cür halların təkrarlanmaması naminə müqavimət formalaşdırılmalıdır.

Əmin olmaq istərdik ki, Avropanın və dünyanın mütərəqqi çevrələrinin səyləri, prinsipial yanaşmaları nəticəsində Fransaya münasibətdə ciddi ictimai qınaq tədbirləri həyata keçiriləcək, ölkə bir daha belə qanunsuz və qərəzli metodlara əl atmağa cəsarət etməyəcək", - deyə bəyanatda qeyd edilir. 

*** 15:40

Fransa hakimiyyəti Azərbaycana qarşı qərəzli siyasətini media nümayəndələrinə də tətbiq etməyə başlayıb.

"Unikal" xəbər verir ki, Almaniyanın Bonn şəhərində keçirilən seminarda iştirak etmək üçün AZƏRTAC-ın ezam olunan əməkdaşının Şengen ərazisinə girişi iyunun 11-də Fransanın qeyri-qanuni və əsassız sifarişi əsasında bloklanıb.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) Katibliyinin təşkilatçılığı ilə keçirilən tədbirə dünyanın bir çox ölkələrindən jurnalistlər dəvət edilib. Köln/Bonn hava limanında AZƏRTAC-ın əməkdaşı Aygün Həsənovaya bildirilib ki, Fransa tərəfindən onun Şengen ərazisinə daxil olması yasaqlanıb. Çoxgirişli Şengen vizası, seminara dəvət və digər sənədlərin qaydasında olduğunu görən Almaniyanın rəsmi qurumları da bu məsələni araşdırmaq qərarına gəliblər.Fransanın media işçisinə qarşı bu qərəzli hərəkəti səbəbindən AZƏRTAC-ın əməkdaşı bir neçə saat hava limanında saxlanılıb. Lakin Azərbaycanın Almaniyadakı səfirliyi və UNFCCC Katibliyinin məsələyə qarışmasından, eyni zamanda, Almaniyanın rəsmi qurumlarının Fransanın tələbinin əsassız olduğunu gördükdən sonra ona ölkəyə daxil olmasına icazə verilib. Nəzərə alınmalıdır ki, jurnalist UNFCCC-nin tədbirinə dəvət edilib və iqlim dəyişikliyi məsələsi hazırda ən aktual problemlərdən biridir. Jurnalistlərə qarşı Fransanın bu cür hərəkəti böyük sual doğurur - Fransa niyə COP29 ilində azərbaycanlı jurnalistin media təlimində iştirakına maneə törətməyə çalışır? Fransa nəzərə almalıdır ki, COP29-da iştirak üçün Bakıya çoxlu fransız jurnalistin də gəlməsi gözlənilir. Belə çıxır ki, bu cür siyasiləşdirilmiş yanaşma onlara da tətbiq olunmalıdır?! Fransa hakimiyyətinin AZƏRTAC-ın əməkdaşı ilə bağlı bu addımını jurnalist fəaliyyətinə maneə yaratmaq, fikir müxtəlifliyini boğmaq, Azərbaycan jurnalistinə qarşı qərəzli mövqe nümayiş etdirmək kimi qiymətləndirir və bunu qəti şəkildə pisləyirik.

Qeyd edək ki, bundan əvvəl də Fransa AZƏRTAC-ın jurnalistləri ilə bağlı qərəzli mövqe nümayiş etdirib, onlara qarşı öz mediasında qarayaxma kampaniyası apararaq casus adlandırıb. Media azadlığı, azad söz, fikir müxtəlifliyi prinsiplərinin “carçısı” olan Fransa hakimiyyətinin bu hərəkəti heç bir məntiqə sığmır.

Prezident Emmanuel Makronun yarıtmaz siyasətinin nəticəsidir ki, onun partiyası bu günlərdə Avropa Parlamentinə seçkilərdə də acı məğlubiyyətə uğradı. Lakin Fransa hakimiyyəti daxildəki problemlərini həll etmək əvəzinə, daim sülhün, sabitliyin, inkişafın tərəfdarı olan Azərbaycana qarşı qərəzli fəaliyyətindən əl çəkmək istəmir və bu çirkin niyyətini artıq fərdi şəxslərə, özü də media nümayəndələrinə qarşı həyata keçirməyə başlayıb.