2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına ixtisas seçimi başlayıb.

Dövlət İmtahan Mərkəzindən "Unikal"a verilən məlumata görə, ixtisaslaşma seçimi 2024-cü il iyunun 21-dən 30-dək aparılacaq.

İxtisaslaşma seçiminə magistraturaya fevralın 11-i və 28-də keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.

Həmin bakalavrlar 2024-cü il iyunn 21-dən 30-dək (saat 23:59-dək) ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə ixtisaslaşma seçimini aparmalıdırlar. Bakalavrlar öz istəklərinə görə ixtisaslaşma seçimində və müsabiqədə imtahanın hər hansı bir cəhdində göstərdikləri nəticə (topladıqları bal) əsasında iştirak edə bilərlər. Hər iki imtahan nəticəsi müsabiqə şərtini ödəyən bakalavrlar müsabiqədə iştirak etmək istədikləri imtahan nəticəsini seçə bilərlər.

İxtisaslaşma seçimi aparılan müddətdə bakalavr bitirdiyi ixtisasa müvafiq və istəyinə uyğun olan 20-dək ixtisaslaşmanın kodunu seçərək "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"nə istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir. Seçilən bütün ixtisaslaşmalar seçim cədvəlinə əsasən bakalavrın bitirdiyi ixtisasa görə seçmək hüququ olan bir və ya daha çox sayda qəbul proqramına aid ola bilər (qəbul aparılan ixtisaslaşmalar və həmin ixtisaslaşmalara ayrılan yerlərin proqramlar üzrə siyahısı “Magistr” jurnalının 4-cü nömrəsində təqdim olunub).

"Magistr" jurnalının 4-cü nömrəsini "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq mümkündür.

Müsabiqəyə yalnız “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.