Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri tərəfindən aparılan yeni araşdırmaya görə, Qazaxıstan və Qırğızıstan sakinləri gündə təxminən 17,2 qram duz istehlak edirlər. Bu miqdar ÜST-nin tövsiyə etdiyi qəbuldan üç dəfə artıqdır (beş qram).
"Unikal" xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Tədqiqatçılar sorğular keçirərək və iştirakçı dövlətlərin səhiyyə orqanları tərəfindən verilən məlumatları təhlil edərək 53 Avropa ölkəsində duz qəbulunun səviyyəsini qiymətləndiriblər. Məlum olub ki, ən çox duz (gündə 17,2 q) Qazaxıstan və Qırğızıstanda istehlak edilir. Reytinqdə üçüncü yerdə Özbəkistan (sakinlər gündə 14,88 q duz istehlak edir), dördüncü yerdə Rusiya Federasiyası (14,87 q), beşinci yerdə Türkiyə gəlir (14,37).
Rekordçular arasında Çexiya, Ukrayna, Şimali Makedoniya, Rumıniya, Xorvatiya, Sloveniya, Yunanıstan, Moldova, Monteneqro, Portuqaliya, Belçika, Belarus, Tacikistan, Almaniya və Macarıstan da var. Azərbaycanda isə gündəlik duz istehlakı 8,9 qramdır.
Araşdırmanın nəticələrinə görə, bu ölkələrin vətəndaşları gündəlik duz qəbulunu iki dəfədən çox üstələyir. ÜST ekspertləri qeyd ediblər ki, 53 ölkədən yalnız bir ölkə bu qida məhsulunun istehlak limitini yerinə yetirib - Malta (adambaşına gündə təxminən 4,92 q duz).
Tədqiqatçılar həddindən artıq duz istehlakının yüksək qan təzyiqinin əsas səbəbi olduğunu, infarkt və insult riskini əhəmiyyətli dərəcədə artırdığını bildirirlər. Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin fikrincə, hipertoniyanın səbəbkarı ultra işlənmiş qidalar, fast food və küçə qidalarıdır (hazır yeməklər və küçədə satılan içkilər).