“Reuters” agentliyi dərc etdiyi analitik məqaləsində Fransada siyasi “dalandan” çıxış yollarının axtarılacağı mühüm tarixləri açıqlayıb. Ekspertlər isə bildirirlər ki, bu ölkə ilin sonunadək siyasi təlatümlərlə çalxalanacaq.
"Unikal" xəbər verir ki, məqalədə son seçkilərin ölkəni siyasi qeyri-müəyyənlik dövrünə sürüklədiyi, Milli Assambleyada heç bir koalisiyanın Fransanı idarə etmək üçün kifayət qədər yerə malik olmaması vurğulanır. Belə olan vəziyyətdə, yay tətilinə çıxmazdan əvvəl parlament Olimpiya Oyunlarının təşkili ilə bağlı logistika və təhlükəsizlik problemləri ilə məşğul olmalıdır, bu müddət ərzində siyasi proseslər də sentyabr ayına qədər dayandırılır.
Agentlik qeyd edir ki, Fransa və onun liderləri qarşıdakı çətin həftələri idarə etməyə çalışdıqları üçün bəzi mühüm tarixlərə diqqət etməlidirlər.
Parlamentin gələn həftə olacaq rəsmi açılışı ərəfəsində qanunvericilər Parisə qayıtdıqca, koalisiya variantları ilə bağlı qeyri-rəsmi müzakirələr də sürətlənir. Çox az adam bu debatlarda hər hansı irəliləyişlər olacağına ümid edir.
Bastiliyanın alınması günü (iyulun 14-ü) Prezident Emmanuel Makron üçün bundan sonra nə baş verəcəyi ilə bağlı ölkəyə və rəqib siyasi fraksiyalara öz fikrini çatdırmaq imkanı verəcək, amma onun çıxışının nə dərəcədə təsirli olacağı da qeyri-müəyyəndir.
İyulun 18-də parlamentin yeni iclasının rəsmi açılışı olacaq. Bəziləri bu iclasda seçki məqsədilə yaradılmış müvəqqəti ittifaqların, xüsusən də solçu “Yeni xalq cəbhəsi” fraksiyasının dağılacağını və ayrı-ayrı partiyaların öz seçimlərinə yenidən baxa biləcəyini proqnozlaşdırır.
İyulun 26-da Olimpiya Oyunları başlayır və avqustun 11-dək davam edəcək. Fransa ictimaiyyətinin və medianın diqqəti siyasətdən yayınacaq. Bəzi qanunvericilər bu dövrdən siyasi proseslərdə soyuma mərhələsi kimi istifadə edilməsini təklif edirlər.
Avqustun 1-də Milli Assambleyanın iclası başa çatacaq, amma deputatların sentyabrın 2-də tətildən qayıdışından sonra da 2025-ci ilin büdcəsi ilə bağlı razılığa gəlmək mümkün olmayacaq, həmçinin o vaxta qədər hansısa işlək hökumət və ya xüsusi koalisiyanın mövcudluğu da şübhə altındadır.
Sentyabrın 20-si isə Aİ üzv dövlətlərinin ortamüddətli maliyyə planlarını Avropa Komissiyasına təqdim etməsi üçün son tarixdir. Həddindən artıq büdcə kəsiri olan altı başqa ölkə ilə yanaşı, Fransa da borcunu Aİ sərhədləri daxilində necə qaytaracağını göstərməlidir.
Beləliklə, ekspertlərin rəyinə əsaslanan “Reuters” qeyd edir ki, cari ilin sonunadək Fransanı siyasi təlatümlər və iqtisadi böhran gözləyir.