1992-ci ilin fevral ayında Xocavəndin Qaradağlı kəndi uğrunda gedən döyüşlər zaman ermənilər tərəfindən qətlə yetirilərək itkin düşən şəxslərdən kimliyi məlum olan 6 şəhidin nəşinin qalıqları 32 ildən sonra doğma yurdlarında torpağa tapşırılıb.

"Unikal" xəbər verir ki, Qaradağlı sakinləri Telman Tağıyev, Qərib Musatafayev, Ədalət Məmmədov, Uğur Dadaşov, Rəhim Doluxanov və Sərvər Abbasov doğma kəndlərinin müdafiəsi zamanı son damla qanlarına qədər döyüşüblər. Erməni hərbi birləşmələrinin kəndi işğal etdiyi zaman həmin şəxslər də qətlə yetirilib və ötən illərdə onlardan heç bir məlumat olmayıb. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra ermənilərin cinayət əməlləri üzə çıxıb və onların nəşinin qalıqları tapılıb və doğma kəndlərində - Qaradağlının Şəhidlər xiyabanında dəfn edilib.

Hərbçilərin və şəhidlərin yaxınlarının da iştirakı ilə keçən dəfn mərasimində yaylım atəşi açılıb. Şəhidlərimizin ruhuna dualar oxunub və onların nəşinin qalıqları torpağa tapşırılıb.