Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Kadir Özkayanın başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfər çərçivəsində Azərbaycan Respublikasının Ali Məhkəməsində olub.
"Unikal" xəbər verir ki, qonaqları salamlayan Ali Məhkəmənin sədri İnam Kərimov qeyd edib ki, bu gün Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlıq münasibətləri bütün istiqamətlərdə yüksələn xətlə inkişaf edir. Ədalət mühakiməsini həyata keçirən orqanların əməkdaşlığının ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyi bildirilib.
Qeyd edilib ki, son dövrlər Azərbaycanla Türkiyə arasında məhkəmə-hüquq sahəsində də əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Həmçinin türkdilli dövlətlərlə qarşılıqlı təcrübə mübadiləsinin daha da gücləndirilməsinin ölkəmiz üçün əsas prioritetlərdən biri olduğu, sıx əməkdaşlığın ədalət mühakiməsinin səmərəliliyinin artmasına şərait yaratdığı vurğulanıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Kadir Özkaya ikitərəfli əlaqələri yüksək qiymətləndirərək, bu münasibətlərin inkişafına xüsusi diqqət yetirildiyini qeyd edib. Məhkəmə-hüquq sahəsində əməkdaşlığın gücləndirilməsinin bütün türk dünyası üçün əhəmiyyətindən bəhs olunub.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb, ölkəmizin məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlər və Ali Məhkəmənin fəaliyyəti barədə ətraflı məlumat verilib.
Sonra qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olublar.