Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq etmə) maddəsi ilə təqsirləndirilən şəxs - Bəşirli Əkbər Nəriman oğlunun məhkəmə prosesinin ilkin iclası keçirilib.
"Unikal"ın məlumatına görə, cinayət işində zərərçəkmiş qismində 19 il "Qazprom" şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri işləmiş Həsənov Akif Şahəli oğlu tanınıb.
Məhkəmə prosesində ilk olaraq təqsirləndirilən şəxs Əkbər Bəşirli ifadə verib. Baş vermiş cinayət hadisəsində özünü qismən təqsirli bilən Əkbər Akif Həsənovun bağ evinə bağban kimi işə düzəldiyini bildirib: "2019-cu ilin oktyabrın 24-də Akif müəllimin dostunun vasitəsilə ilə onun bağına bağban kimi düzəltmişəm. İlk olaraq bağban kimi 500-600 manat maaş verirdi, axırlarda isə maaşımı 900 manata qaldırmışdı. 2020-ci ildə 44 günlük müharibə başlayanda 2-3 aylıq müharibəyə getdim. 2024-cu ilin mart ayında Akif müəllim xaricdən evinə gəldi. Sonra evin təmizliyinə fikir ver deyib dostları ilə məclisə getdi. Bir də gördük bağ evində partlayış baş verdi, ev yandı. Akif müəllimin dostu Arif müəllim qonşuluqda idi, o gəldi. Sonra qaynar xətt olan 101-ə zəng elədim. Evdə uşaqlarım partlayışdan qorxduğundan qayınatam gəldi onları apardı. Sonra yanğınsöndürənlər gəldi. Cinayət törətməyimlə bağlı özümü qismən təqsirli bilirəm, 2 il qabaq noyabr ayında evdə olan saatları lazımsız bilib Laçın Ticarət Mərkəzində satmışam. O saatları Akif müəllim qutuda vermişdi atmağa, içində radio da var idi. Dedi radionu işlər, amma saatları soruşmadım, remenləri köhnə idi. Noyabr ayında Laçın ticarət mərkəzində Habil adlı qızıl işinə baxanla tanış oldum, o dedi qızılı lom qiymətinə alıram. Dedim məndə qədimi saatlar var, gətirdim göstərdim. Habil saatlara baxıb dedi ki, bəzi hissələri qızıldır, ikisinə 4300 manat pul verdi. Bundan başqa yanvar ayında Akif müəllimin oğlu Qudrətlə bağda nar ağacı əkirdik, Qüdrət dedi mənim ağac əkmək videomu çək. Mən də çəkdim. Üstündən bir müddət sonra qazonun içində bir saat tapdım, heç ağlıma gəlmədi ki saat Qüdrətin olar. 10-15 gün işlətdim, sonra saat əlimdən düşdü, ekranı sındı. Apardım Habilin yanına, dedi bu qızıldandır. Daha qaytarmadım, ona saatı 8 min manata satdım. Yanğın baş verəndən sonra əməliyyatçılar aparıb izahatımı aldılar, dedilər yanğını sən törətmisən. Evdən də 3 saat oğurlamısan".
Sonra zərərçəkmiş təqsirləndirilən şəxsə suallar verdi.
Akif Həsənov- Mən Əkbərin ifadəsinə qulaq asıram, təəccüblənirəm ki, belə cavan adamın çox faktlar yadından çıxıb. Yadındadır 2 saat itəndə mən səndən qapıdan çıxan xadimənin əlində bir şey görüb-görmədiyini soruşdum. Mən Əkbərə dedim saatlar itib. Hətta mənə dedi "get kameralara bax gör çəkilişə nəsə düşüb".
Əkbər Bəşirli- O mənə saat deməyib, qiymətli əşya deyib.
Akif Həsənov- Oğlumun itən saatını onun 25 illiyinə İsveçrədən almışdım, mən saat həvəskarıyam, çox bahalı saat idi.
Məhkəmə prosesinin növbəti gedişində zərərçəkmiş şəxs Akif Həsənov ifadə verərək bildirdi ki, 2019-cu ildə mənim bağbanım səhhəti ilə əlaqədar işdən çıxdı: "Mən bağban axtardım, yaxın dostum Əkbəri məsləhət gördü, ona başa saldım nə iş görəcək. Sınaq müddəti ilə işə götürdüm. Ona yaşamaq üçün mətbəxi, hamamı verdim, komunal xərclərini ödəyirdim. Təbiətimə görə insanlara inanan adamam. Üstündən 1 il keçdi maaşını qaldırdım. Bayramlarda da mükafat verirdim. Ailəm xaricdə yaşayır. 20 yaşında Azərbaycandan çıxmışam, işlə əlaqədar 1998-ci ildə qayıtmışam vətənə, 2003-cü ildən 19 il Qazprom şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri olmuşam, təqaüdə çıxandan sonra müşavir kimi indiyə kimi işləyirəm. Bu il mart ayında yığışıb getdim xaricə uşaqlarımın yanına Vyanaya. Nina adlı təmizliyə baxan bir qadın var idi, ona inanırdım, neçə illər ərzində onunla bağlı heç bir problem də olmamışdı. Evdə bir seyf var idi, onun içində yoldaşımın qızıllarını, sənədləri saxlayırdım, saatlarımı seyfin üstünə qoyurdum. Orda mənim 4 saatım var idi, 2-si dəri qayışla, biri platiniumdan idi, biri də Mazeratti şirkətinin yubileyinə hədiyyə olunan saat idi. Gördüm 2 saat yoxdur, Ninadan sorusdum görmüsən bu saatları. Sonra Əkbərə dedim gəl monitora bax, ancaq zibil görsənirdi. Saatların itməsinə çox məyus oldum, onlar mənə 2000-ci ilin əvvəlində bağışlanmışdı, çox bahalı saatlar idi. Mən xaricə gedəndə maraqlanırdım görüm həmin saatlardan varsa alım. Rastıma çıxdı, ikisini də baha qiymətə aldım qoydum yerinə.
Oğlum Qüdrət gəlmişdi Bakıya. Onun itirdiyi saat çox qiymətli idi, hal-hazırda o saatlar istehsaldan çıxarılıb. Oğlum o saatı taxırdı qoluna. 10 gündən sonra oğlum dedi saatı itirmişəm, Əkbərdən də soruşdum "Qudrətin saatını görməmisən?"
Evin yanmağına gəlincə Mərdəkanda dostlarımla çörək yeyirdim, zəng gəldi ki, ev yanır. Mənim evimdə təhlükəsizlik baxımdan lazımi avadanlıqlar var. Gəldim gördüm ev hər tərəfdən eyni səviyyədə yanır. Yaxşı ki, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları vaxtında gəlib söndürdülər və mənə dedilər ki, Akif müəllim sənin evini qəsdən yandırıblar. Yanğın söndürüləndən sonra getdim seyfə baxım, çünki mənim və ailəmə aid bütün sənədlər, birdə 5 min dollara yaxın pul var idi. Qalxdım gördüm nə seyf var, nə də saatlar. Yanğınsöndürənlərə dedim ki, birdən götürərlər bu seyfi. Dərhal məlumat verildi, hamı yoxlanıldı. Dedilər ki, o dolabın qapısı yanğından əvvəl sındırılıb, içindən seyf götürülüb, mənim şikayət etməyimi məsləhət gördülər.
Əkbər ilk ifadəsində deyib ki, dolabın qapısını sındırdım, seyfi açdım, sənədləri yandırdım, 5 min dolları da götürdüm. Axtarış zamanı Əkbərin evindən elə baha olmayan 2 saat tapılıb qaytarılıb, Mazeratti saatı (10 min dollar qiymətinə), birdə yoldaşımın xırda qızılları.
Sonra dövlət ittihamçısı Babaxan Həsənəliyev zərərçəkənə dəymiş ziyanı müəyyənləşdirmək üçün bəzi dəqiqləşdirmələr apardı. Məlum oldu ki, 2 saat 66 min 500 manat, Qüdrətin saatı 91 min 200 manat, xırda qızıllarda 66 min 450 manat qiymətləndirilib, 450 min manatda yanğınla bağlı ziyan dəyib. Evdə orijinal - Toğrul Nərimanbəyovun əl işləri olan şəkillər də yanıb.
Məhkəmə prosesi 25 sentyabra kimi təxirə düşüb.
Seymur Əli