Avqustun 5-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar qəbul-görüşünü Şovu kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib.
"Unikal" xəbər verir ki, səyyar qəbul-görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və təşkilatların nümayəndələri iştirak ediblər. Taleh Qaraşov ötən səyyar görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli sakinləri məlumatlandırıb və qeyd edib ki, icra hakimiyyətinin səlahiyyətlərinə aid olan bütün məsələlər həllini tapıb, digər məsələlər barədə də aidiyyəti yuxarı qurumlara rəsmi müraciətlər ünvanlanıb.
Səyyar görüşlərin keçirilməsinin önəmi barədə danışan icra başçısı cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığına uyğun olaraq yerlərdə vətəndaşların dinlənilərək onların qayğı və problemlərinin öyrənildiyini, qaldırılan məsələlərin həlli üçün mövcud imkanların təhlil olunduğunu və vətəndaş məmnunluğunun təmin edilməsi üçün bütün mümkün vasitələrin səfərbər edildiyini vurğulayıb.
Taleh Qaraşov sosial-infrastrukturun daha da təkminləşdirilməsinin və kənd təsərrüfatının yerlərdə inkişafının dövlətin diqqət mərkəzində olduğunu bildirib, dağ kəndlərində məşğulluğun təmin edilməsi üçün kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə olunmasının, kiçik təsərrüfatların yaradılmasının mühüm əhəmiyyət kəsb etdiyini və bunun üçün dövlət tərəfindən müxtəlif layihələr həyata keçirildiyini və subsidiyalar verildiyini qeyd edib.
Siyabli, Şovu və Təngivan kəndlərinin sakinləri çıxışlarında sosial-iqtisadi vəziyyətlərinin günü-gündən yaxşılaşmasına görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.