Avqustun 7-də saat 17:30 radələrində paytaxt ərazisində yol-hərəkəti qaydalarını pozaraq təhlükəli manevrlər etməklə insanların həyat və sağlamlığına real təhlükə yaradan sürücü həbs edilib. 

DİN-dən "Unikal"a verilən məlumata görə, müvafiq qərarla Elşən Abdullayevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 20 sutka inzibati qaydada həbs edilib.

***09:53

Sosial şəbəkələrdə Dövlət Yol Polisi əməkdaşlarına tabesizlik göstərən sürücünün görüntüləri yayılıb.

"Unikal"  xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən yayılan görüntülərə aydınlıq gətirlib.

Bildirilib ki, avqustun 7-də saat 17:30 radələrində paytaxt ərazisində yol-hərəkəti qaydalarını pozaraq təhlükəli manevrlər etməklə insanların həyat və sağlamlığına real təhlükə yaratdığına görə VAZ-2107 markalı avtomobilin sürücüsünə DYP əməkdaşları tərəfindən “Saxla” işarəsi verilib. Lakin avtomobilin sürücüsü buna məhəl qoymayaraq əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən avtoxuliqanlıq hərəkətlərini davam etdirib.

Görülən tədbirlərlə sürücü — 1995-ci il təvəllüdlü Abdullayev Elşən Teyfur oğlu Nəsimi rayonu ərazisində saxlanılıb. O, saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq müqavimət göstərib.

E.Abdullayev barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib.