"Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya qəfil hücumu Prezident Vladimir Putini danışıqlar masasına oturtmağın yeganə yoludur".
"Unikal" xəbər verir ki, bu barədə “The Independent” qəzetinə müsahibəsində Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixail Podolyak bildirib. O, Ukrayna hücumunu “psixoloji” taktikanın bir hissəsi adlandırıb.
"Biz Rusiyanı danışıqlara məcbur etmək üçün tamamilə aydın vasitələrdən istifadə etməliyik. Onlardan biri hərbi məcburetmə alətidir. Yəni iqtisadi və diplomatik vasitələrlə yanaşı, Rusiyaya əhəmiyyətli taktiki məğlubiyyətlər verməliyik. Kurskda bu, hərbi məcburetmə vasitəsinin optimallaşdırılmasını görürük", - qeyd edib.
Podolyak bildirib ki, Kursk vilayətində baş verən hadisələr ruslara müharibənin ağır reallıqlarını göstərib.
Zelenskinin müşaviri Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarının hücuma hazırlıqdan xəbərsiz olduqları barədə bəyanatlarına da münasibət bildirib.
"Müəyyən şeylər var ki, onları sürpriz elementlə etmək lazımdır və onlar yerli səviyyədə baş verməlidir. Lakin tərəfdaş qüvvələr arasında müzakirələr ictimai səviyyədə deyil, sadəcə olaraq baş tutub", - Podolyak bildirib.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətinə avqustun 6-da hücuma keçib. Hazırda bölgədə döyüşlər davam edir.
Gülayə Mecid