Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə geniş tərkibdə görüşü olub.
"Unikal" xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:
-Hörmətli Vladimir Vladimiroviç. Hörmətli nümayəndə heyətlərinin üzvləri. Sizi Azərbaycanda bir daha səmimi-qəlbdən salamlayıram.
Dünən və bu gün artıq ikitərəfli gündəliyi nəzərdən keçirdik. Qarşılıqlı fəaliyyətimizin çox mühüm məsələlərini müzakirə etdik və indi işimizi geniş tərkibdə davam etdiririk.
İlk növbədə, Sizi bir daha salamlamaq istərdim. Siz birinci dəfə deyil ki, Azərbaycana gəlirsiniz, amma ilk dəfədir dövlət səfəri edirsiniz və bu səfər ikitərəfli münasibətlərimiz üçün müstəsna əhəmiyyətə malikdir.
Bu gün Sizinlə artıq fikir mübadiləsi apardıq, dost, qonşu və müttəfiq olan ölkələrimiz arasında münasibətlərin inkişafından məmnunluq ifadə etdik. Bütün istiqamətlər üzrə müsbət dinamika görürük. Nümayəndə heyətlərimizin tərkibi də bunu çox əyani şəkildə göstərir. Bu, çox mətləblərdən xəbər verir. Yəni, qarşılıqlı fəaliyyətin müzakirəsi üçün mövzular çoxdur və qarşılıqlı fəaliyyətimizin əhatə dairəsi ildən-ilə genişlənir.
Biz bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyətimizi möhkəmləndirmək əzmindəyik və əminəm ki, Sizin səfəriniz ölkələrimizin və xalqlarımızın yaxınlaşmasında növbəti mühüm addım olacaq.
Bir daha xoş gəlmisiniz.
Prezident Vladimir Putin çıxış edərək dedi:
-Dəvətə görə çox sağ olun. Siz də artıq qeyd etdiyiniz kimi, bizim hər iki tərəfdən geniş nümayəndə heyətimiz var. Rusiya Federasiyası Hökuməti demək olar ki, tam heyətdə buradadır.
Artıq Sizinlə qeyd etdik və xatırladıq ki, bu yaxınlarda, on gün əvvəl hökumətlərarası komissiyanın iclasında münasibətlərimizin inkişaf etdiyi bildirildi – təkcə bildirilmədi, həm də qeyd edildi ki, biz 2022-ci ilin müvafiq Bəyannaməsində təsbit olunmuş və Sizin cari ilin aprelində səfəriniz zamanı əldə olunmuş razılaşmaları tam həcmdə yerinə yetiririk.
Belə geniş tərkibdə iş bizə ən yaxın perspektivdə gələcəyə yönəlmiş addımları müəyyən etməyə imkan verir. Hərçənd, əvvəlki görüşümüz “məhdud tərkibdə” adlansa da tamamilə prioritet xarakterli bir sıra məsələlər tam nəzərdən keçirildi.
Biz hələ müvafiq sənədləri imzalamalıyıq, həmkarlar isə dünən axşam, bizim də Sizinlə etdiyimiz kimi, qeyri-rəsmi şəraitdə, bu gün isə artıq gün ərzində öz aralarında ünsiyyət qurmaq və ən yaxın perspektiv üçün addımları müəyyənləşdirmək imkanı əldə etdilər.
Beləliklə, Sizə təşəkkürümü bildirirəm.
Prezident İlham Əliyev: Sağ olun.
***
Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə geniş tərkibdə görüşü olub.
"Unikal" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.