Bu gün axşam saatlarında intihara cəhd hadisəsi olub. Belə ki, bir nəfər vətəndaş Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində eyvana çıxaraq intihara cəhd edib.
"Unikal" xəbər verir ki, bunu görən vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat veriblər.
Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1980-cı il təvəllüdlü Eldəniz Babazadə onsəkkizmərtəbəli binanın 18-ci mərtəbəsində eyvana çıxaraq intihara cəhd edir.
Xilasedicilər tərəfindən intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb. Bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə xüsusi xilasetmə vasitələri, o cümlədən xilasetmə yastığı quraşdırılaraq müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Xilasedicilərin vətəndaşla apardığı psixoloji söhbət nəticəsində E.Babazadə intihar etmək niyyətindən çəkinib və o, xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.