Rusiya prezidenti Vladimir Putin avqustda Bakıya səfəri zamanı "Telegram"ın yaradıcısı Pavel Durovla görüşmədiyini bildirib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya lideri Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda çıxışı zamanı açıqlayıb.
Putin Bakıdan Parisə gedən kimi Fransa hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan milyarder ətrafında yaranmış vəziyyəti ilk dəfə olaraq şərh edib: "Mən Durovla illər əvvəl tanış olmuşam. Kremldə idi. O vaxtdan bəri onu görməmişik, əlaqə saxlamamışıq. Niyə Bakıda görüşməliyik? Mən doğrudan da başa düşmürəm, onun orada olduğunu da bilmirdim, bu barədə heç bir fikrim yox idi, əgər istək varsa, burada çoxlu biznes nümayəndələri var, hamı bilir. Mən heç vaxt görüşdən imtina etmirəm, istər sahibkarlarımızın birlikləri çərçivəsində, istərsə də ayrı-ayrılıqda müəyyən layihələri nəzərdən keçirərək, belə görüşləri mütəmadi olaraq keçiririk... Ona görə də onun arzusu olsaydı, mənimlə Moskvada görüşə bilərdi".
Rusiya prezidentinin sözlərinə görə, platformanın bəzi şəxslər və strukturlar tərəfindən müəyyən şəkildə istifadə edilməsi, onların fəaliyyəti ilə bu və ya digər dövlətlərin iqtisadiyyatına və ya təhlükəsizliyinə zərər vura biləcəyini nəzərə alaraq, bir çox ölkələrdə "Telegram"a qarşı şikayətlər olub. Ola bilsin ki, Rusiya hökumətinin də Durovla bağlı bəzi sualları ola bilər, lakin bu tipli bütün platformalar bunda günahkardır. Əgər Durova bunu edirlərsə, yəqin ki, başqalarını da həbs etməli, ya ev dustaqlığına, ya da başqa cür həbs etməlidilər: "Fransa hakimiyyətinin özlərinin hərəkətləri mənim üçün o qədər də aydın deyil, çünki onlar seçicidirlər".
Ağarza Elçinoğlu