Amerikalı sahibkar, "Space X" və "Tesla" şirkətlərinin qurucusu İlon Mask 2027-ci ilə qədər dünyanın ilk trilyonçusu ola bilər.

"Unikal" xəbər verir ki, bu barədə “The Guardian” “Informa Connect Academy” qrupunun analitiklərinin hesabatına istinadən yazır.

Tədqiqatçılar Maskın sərvətinin hər il orta hesabla 110% artdığını güman edirlər. Bundan əlavə, iş adamı "Bloomberg Billionaires Index"ə görə 251 milyard dollarla artıq planetin ən varlı adamı olub.

"Informa Connect" Akademiyasının analitikləri 2028-ci ildə ikinci trilyonçunun Hindistan konqlomeratı "Adani Group"un qurucusu və sədri Qautam Adani olacağını ehtimal edirlər. Forbes USA onu Asiyanın ən zəngin adamı adlandırıb. Onun kapitalının artım tempi ildə 123% təşkil edir.

Həm "Nvidia"nın baş direktoru Jensen Huang, həm də İndoneziya maqnatı Prajogo Pangestu dörd il ərzində sərvətlərini bir trilyon dollara çatdırmaq şansına sahibdirlər. Fransız iş adamı, "Louis Vuitton Moët Hennessy" şirkətlər qrupunun prezidenti və baş icraçı direktoru Bernard Arnault və "Facebook"un baş icraçı direktoru Mark Zükerberqin trilyonçu olması üçün isə 6 il lazım ola bilər.