Azərkosmos kosmik sahədə radiotezliklərin idarə olunmasına dair biliklərin digər ölkələrə ixracını davam etdirir. Azərbaycan brendi olaraq kosmik sahə üzrə yaradılmış intellektual məhsul bu dəfə Mozambik Administrasiyasının Kommunikasiya İnstitutunun nümayəndələrinə təqdim olunub.
"Unikal" xəbər verir ki, təlim proqramı çərçivəsində Mozambik təmsilçilərinə radiotezliklərin idarə edilməsinə dair ilkin texniki biliklər verilib, hər bir ölkə üçün xüsusi orbital mövqeyin təyin edilməsi, peyk və Yer stansiyaları üçün müvafiq ərizələrin hazırlanması prosesləri izah edilib. Həmçinin Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) peyk məsələlərinə dair təsdiq etdiyi və hazırda qüvvədə olan qaydalar ətraflı şərh edilib.
Xatırladaq ki, Azərkosmos peyk xidmətlərindən əlavə, ötən ildən etibarən kosmik sahə üzrə biliklərin ixracına başlayıb. Radiotezliklərin idarə olunması üzrə beynəlxalq səviyyədə koordinasiyanın düzgün və strukturlu aparılması modullarını əhatə edən bu təlim proqramı Afrika, Mərkəzi Asiya və Yaxın Şərqin kosmos sahəsində inkişaf etməkdə olan ölkələrinə təqdim olunur.