18 sentyabr 2024-cü il tarixdə Ağdam Musiqi Kollecində “Milli Musiqi Günü” münasibətilə konsert proqramı təşkil edilib.
"Unikal" xəbər verir ki, konsert proqramında Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Ağdam Musiqi Kollecinin direktoru, Respublikanın əməkdar artisti Fehruz Səxavət, idarə və təşkilat rəhbərləri iştirak ediblər.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər 1995-ci ildə Ulu öndər Heydər Əliyevin fərmanı ilə dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, Azərbaycanın əməkdar incəsənət xadimi Üzeyir Hacıbəyovun anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın hər il "Milli Musiqi Günü" kimi qeyd olunmasından, musiqi sənətinin inkişafına göstərilən dövlət qayğısından bəhs ediblər. Daha sonra Ağdam Musiqi kollecinin “Qarabağ instrumental ansamblı”nın müşayiəti ilə kollecin müəllim və tələbələrinin ifasında Üzeyir Hacıbəylinin və Azərbaycanın digər klassik bəstəkarlarının əsərləri, eləcə də xalq mahnıları konsert iştirakçılarına təqdim edilib.