Monaş Universitetinin (Avstraliya) alimləri müəyyən ediblər ki, xərçəng və kemoterapiya infarkt, insult və ürək çatışmazlığı riskini artırır.
"Unikal" xəbər verir ki, araşdırmanın nəticələri "Cancer" jurnalında dərc olunub.
Xərçəngdən xilas olan yaşlılarda ürək xəstəliklərinin tezliyini qiymətləndirmək üçün tədqiqatçılar 70 yaş və daha yuxarı amerikalıların və avstraliyalıların tibbi qeydlərini təhlil etdilər.
Bildirilir ki, metastatik xərçəng, qan xərçəngi və ağciyər xərçəngi olan xəstələrdə ürək-damar xəstəliklərinə daha çox rast gəlinir. Onların ürək çatışmazlığından xəstəxanaya yerləşdirilmə ehtimalı da yüksəkdir.
Tədqiqatçılar əlavə olaraq, kimyaterapiyanın infarkt, insult və digər ürək-damar xəstəlikləri riskini iki dəfə artırdığını aşkar ediblər. Digər müalicə üsullarının (hormonal terapiya, hədəf terapiya, immunoterapiya və radiasiya terapiyası) ürək-damar xəstəliklərinin inkişafına təsiri müəyyən edilməmişdir, baxmayaraq ki, torakal şüalanmanın bu riski artırdığı bilinir.
Gülayə Mecid