Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyasına qatılmaq üçün Nyu-Yorka yollanan Baş nazir Keir Starmer təyyarədə onu müşayiət edən jurnalistlərə açıqlamalar verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Starmer Livandakı Britaniya vətəndaşlarının dərhal ölkəni tərk etmələri çağırışını təkrarlayıb və bölgədəki vəziyyətdən narahatlığını ifadə edib.
Gərginliyin azaldılması və tərəflər arasında atəşkəsin yaradılmasının lazım olduğunu vurğulayan Starmer, İsrail və Livanı uçurumun kənarından geri dönməyə çağırıb.
Starmer İngiltərə hökumətinin vətəndaşlarını Livandan çıxarmaq üçün fövqəladə planlarını sürətləndirdiyinə diqqət çəkərək, Müdafiə Nazirliyinin mümkün təxliyə üçün Kiprdəki suveren bazalarına 700 əsgər göndərəcəyini bildirib.
Britaniyanın iki hərbi gəmisi artıq Cənubi Kipr sahilləri yaxınlığındakı ərazidədir və hər hansı təxliyə əməliyyatı əmri verildiyi təqdirdə istifadə ediləcək. Britaniya Kral Hərbi Hava Qüvvələrinə məxsus təyyarə və helikopterlər də hazır vəziyyətdə saxlanılır.
Bildirək ki, İngiltərənin Kipr adasında "suveren baza" statusuna malik iki bazası var: Akrotiri (Ağrotir) və Dhekeliya (Dhekeliya).