Ermənistanın paytaxtı İrəvan şəhəri yaxınlığındakı "Karmir Blur" (Qızıl Təpə - red.) abidəsinin ərazisində Azərbaycanın erkən dəmir dövrünə aid türbə aşkar edilib.
"Unikal" xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
Ərazidə Erebuni Tarix-Arxeologiya Muzey-Qoruğu ilə Dövlət Ermitajının birgə arxeoloji ekspedisiyası fəaliyyət göstərir. Ekspedisiyanın rəhbərlərindən biri, arxeoloq Mikael Badalyan bildirib ki, tapıntının özü unikaldır, çünki bu tip məzar Qızıl Təpə abidəsi üçün yeni fenomendir.
Onun fikrincə, qəbri təxminən tunc dövrünün sonu və ilk dəmir dövrünün əvvəlinə, yəni eramızdan əvvəl 12-9-cu əsrlərə aid etmək olar. Ondan oraqşəkilli bıçaq, tunc nizənin ucu, kəmər, küp aşkar edilib. Dəfn olunmuş şəxsin qalıqları da aşkarlanıb.
Qeyd edək ki, "Karmir Blur" adlanan abidə Teyşeba qalasının ərazisidir. Bu, Göyçə mahalının Aşağı Qaranlıq (09.09.1930-dan Martuni) rayonunun Kolagirən (03.01.1935-dən Tsavinar) kəndi kənarında e.ə.VIII əsrin ikinci yarısına aid qədim qaladır. Qala Zəngi çayı kənarında, İrəvan şəhəri yaxınlığında, Qırmızıtəpə təpəsində müharibə tanrısı Teyşebanın şərəfinə salınıb. Qalanın xarabalıqlarının yerində qaya üstündə mixi yazılar aşkar edilib. İri qaya daşlarından hörülmüş divar və künc qüllələrinin qalıqları qalmaqdadır. Ərazidən çoxlu gil qablar, daş, sümük, metaldan bəzək əşyaları və s. tapılıb.
Kolagirən ərazisinə ilk ermənilər isə 1830-cu ildə Türkiyənin Anadolu bölgəsindən köçürülmüşdür. Onlar 23 təsərrüfatda 151 nəfər olublar.
Bu böyük şəhər-qala narınqala adlı iç qala və qalanın cənubunda və qərbində yerləşən şəhər yerlərindən ibarət olub. Narınqalanın böyük hissəsini 150 otaqdan ibarət saray kompleksi təşkil edib.
Teyşebaini şəhəri və qala təxminən e.ə. 585-ci ildə kimmerlər və sakların toqquşmasında dağıdılıb.
Ermənilər Qafqaza Anadoludan gəlmə olsalar da, onlar Anadolunun da yerli əhalisi olmayıblar. Tanınmış türk antropoloqu M.S.Şənyürək uzun illər apardığı tədqiqatlar nəticəsində ermənilərin Anadolunun qədim əhalisi olmadığını qeyd edib. Keçən əsrin 30-cu illərində alman tədqiqatçılarının Hind çayı hövzəsində apardıqları araşdırmalar nəticəsində buradan armenoid tipinə aid kəllə sümükləri aşkar edilib. Buradan aydın olur ki, vətənləri Şimali Hindistan olan haylar sonradan Ön Asiyada məskunlaşıblar. Haylar istər eradan əvvəlki minilliklərdə, istərsə də eranın ilk əsrlərində olsun, Cənubi Qafqazda, eləcə də İrəvanətrafı tarixi torpaqlarda yaşamayıblar. Xəzər dənizindən qərbdə, Azərbaycanın müxtəlif bölgələrində, eləcə də e.ə. VI-II minilliklərə aid Naxçıvandakı Kültəpədə, e.ə. II minilliyin ortalarına aid Daşkəsəndəki Xaçbulaq yaylağında, Qarabağ kurqanlarında, e.ə. I minilliyin əvvəllərinə aid Mingəçevirdə aşkar edilmiş kəllə sümükləri İrəvanətrafı bölgələrin yerli əhalisi olan qədim Azərbaycan türklərinin antropoloji xüsusiyyətləri ilə genetik cəhətdən eyni irqi tipə aiddir.
Ermənilərin Qızıl Təpə abidəsini özününküləşdirmək arzusu illərdir davam etsə də, tarixi faktlar onların bu regiona aid olmadığını dəfələrlə sübut edib.
Ağarza Elçinoğlu