İsrail Müdafiə Qüvvələri (IDF) şimal cəbhəsində tapşırıqları yerinə yetirmək üçün iki ehtiyat briqadanın səfərbər edilməsinə qərar verib.
"Unikal" xəbər verir ki, bu barədə IDF "Telegram" kanalında məlumat yayıb.
"IDF daxilində vəziyyətin qiymətləndirilməsinə uyğun olaraq, şimal arenasında əməliyyat tapşırıqları üçün iki ehtiyat briqadanın çağırılması barədə qərar qəbul edilib", - məlumatda deyilir.
Mətbuat xidmətində deyildiyi kimi, bu, Livanın şiə "Hizbullah" hərəkatı ilə mübarizəni davam etdirməyə, İsrail vətəndaşlarını müdafiə etməyə və ölkənin şimalındakı sakinlərin təhlükəsiz şəkildə öz evlərinə qayıtmasına şərait yaradacaq.
"Hizbullah" üzvlərinin istifadə etdiyi peycer və telsizlərin sentyabrın 17-də və 18-də Livanın müxtəlif yerlərində eyni vaxtda partlaması nəticəsində Yaxın Şərqdə vəziyyət yenidən pisləşib. Livan hakimiyyəti insidentə görə İsraili günahlandırıb. Daha sonra sentyabrın 19-da yəhudi dövləti Livan ərazisinə hava zərbələri endirməyə başlayıb.