Yaponiyada ölüm hökmünü 56 il gözləyən keçmiş boksçu İvao Hakamada bəraət qazanıb.
"Unikal" xəbər verir ki, bu barədə Yaponiyanın “Asahi Shimbun” qəzeti məlumat dərc edib.
Belə ki, Hakamada 1966-ci ildə iki yeniyetmə də daxil olmaqla dörd nəfərlik ailəni qətlə yetirməkdə təqsirli bilinərək ölüm cəzasına məhkum edilib. Həmin zaman onun 32 yaşı olub. Kişi həbs olunduğu ilk günlərdən günahsız olduğunu israrla desə də, heç kim ona inanmayıb.
Nəşr yazır ki, Hakamadanın ittiham olunduğu qətl 1966-cı ildə Şizuoka şəhərində baş verib. Gecə kimsə yerli miso pastası fabrikinin direktorunun evinə soxularaq onu həyat yoldaşı və iki uşağı: 17 yaşlı qızı və 14 yaşlı oğlu ilə birlikdə bıçaqlayaraq öldürüb. Ailədən təxminən 200 min yen (təxminən 550 dollar) pul da oğurlanıb. Daha sonra ev yandırılıb, meyitlər səhər saatlarında aşkar edilib. Onların dördündən də döş qəfəsi və bədənin digər nahiyələrindən bıçaq yaraları aşkar edilib.
Polis dərhal qatilin axtarışlarına başlayıb. Boks karyerasını başa vuran İvao Hakama da sözügedən direktorun fabrikində çalışırmış. Bütün işçilərin evinə baxış keçirilib. Cinayət bıçağı və qanlı geyimlər boksçunun evində aşkar edilib. O zaman dəqiq dəlillər toplanılmadan Hakamanı cinayətdə şübhəli biliblər və ona ölüm cəzası verilib. İllər sonra keçmiş boksçunun işinə yenidən baxılıb. Məlum olub ki, cinayəti fabrikin digər işçisi törədib lakin izi itirmək üçün cinayət alətini Hakamadanın evinə qoyub.
İndi Hakamada 88 yaşındadır. Yapon jurnalistləri qeyd edirlər ki, həbsxanada uzun müddət qalmaq onun psixoloji vəziyyətində iz buraxıb. Keçmiş boksçu insanlarla ünsiyyət qurmaqda çətinlik çəkir.
Gülayə Mecid