Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 Sentyabr – Anım Günü ilə bağlı ümumşəhər tədbiri keçirilib.
"Unikal" xəbər verir ki, anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Qaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Apellyasiya Məhkəməsinin sədri Toğrul Əli, Gəncə Şəhər Məhkəməsinin sədri Xaqani Tağıyev, Qafqaz Müsəlmanlar İdarəsinin Qazılar Şurasının nümayəndəsi Hacı Tahir Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Gəncədə fəaliyyət göstərən universitet rektorları, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, müharibə iştirakçıları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları “İstiqlal” parkının ərazisində yerləşən “Memorial Abidə Kompleksin”i ziyarət edib, önünə gül dəstələri düzüblər. Məktəblilərin ifasında vətənpərvərlik mövzusuna aid şeirlər səslənib, din xadimi tərəfindən 44 günlük Vətən müharibəsi zamanı şəhid olanların ruhuna dualar oxunub.
Tədbir şəhərin Şəhidlər xiyabanında davam edib. Rəsmilər Azərbaycanın ərazi bütövlüyü uğrunda itkin düşmüş hərbçilərin adları əks olunan abidəni ziyarət ediblər. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov "Əbədi məşəl" abidəsi önünə əklil qoyub. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə bildirilib ki, 27 Sentyabr 2020-ci il tarixi 30 ilin işğalına, torpaq həsrətinə son qoyan tarixi Zəfərin başladığı gün kimi tarixə düşüb. Ermənistanın növbəti hərbi təxribatına qarşı başlayan, 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da tarixi qələbəmizlə başa çatdı. Bugün Vətənimizin hər bir nöqtəsində Azərbaycan Respublikasınının dövlət bayrağı dalğalanmaqdadır. Qürurverici haldır ki, möhtərəm Prezident cənab İlham Əliyevin imzaladığı 19 sentyabr 2024-cü il tarixli Sərəncama əsasən hər il sentyabr ayının 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunacaq.
Çıxışdan sonra Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhlarına dualar oxunub, şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Saat 12:00-da Gəncə şəhərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, N.Gəncəvi və H.Əliyev, həmçinin H.Əliyev və Ş.İ.Xətai prospektlərinin kəsişməsində nəqliyyatın hərəkəti dayanıb, avtomobillər vasitəsilə səs siqnalları verilib.
Qeyd edək ki, 27 Sentyabr – Anım Günü ilə əlaqədar olaraq şəhərin inzibati və yaşayış binalarından Azərbaycan və Türkiyə bayraqları asılıb.