1 oktyabr – Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü Lənkəranda qeyd edilib.

"Unikal" xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, prokurorluq işçiləri şəhərin mərkəzi meydanındakı Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Tədbirin rəsmi hissəsi Lənkəran rayon prokurorluğunun inzibati binasında keçirilib.Rayon prokuroru Taryel Ələkbərov kollektivi təbrik edib, prokurorluq orqanlarının keçdiyi şərəfli yoldan danışıb. Daha sonra Baş prokuror Kamran Əliyevin prokurorluq orqanlarının işçilərinə ünvanladığı təbrik məktubu oxunub.

Daha sonra Lənkəran ŞİH başçısı Taleh Qaraşov çıxış edib. Natiq prokurorluq orqanlarının yaranma tarixi, keçdikləri şərəfli yol barədə danışıb. İcra başçısı bildirib ki, prokurorluq orqanları fəaliyyətə başlamasından ötən 106 il ərzində çətin və mürəkkəb, eyni zamanda, şərəfli inkişaf yolu keçib, millətə və dövlətçilik ideyalarına sədaqət nümayiş etdirib, qanunçuluğun möhkəmləndirilməsi, habelə cinayətkarlığa qarşı mübarizədə müstəsna xidmətlər göstərib. Onun sözlərinə görə, strukturun təkmilləşdirilməsi, kadr korpusunun sağlamlaşdırılması, maddi-texniki təminatın daha da möhkəmləndirilməsi, aparılan islahatlar və milli qanunvericilik bazasının formalaşdırılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Taleh Qaraşov bildirib ki, Azərbaycan dövlətinin bütün sahələr üzrə dayanıqlı və əsaslı inkişafı Ümummilli Liderin laiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının və Birinci vitse-Prezident Mehriban xanım Əliyevanın xüsusi diqqəti nəticəsində məhkəmə-hüquq sistemində son dövrlərdə aparılan islahatları xüsusi olaraq qeyd etmək lazımdır: “Bu sahədə xidmət edən dövlət məmurlarının sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşdırılması, peşəkar kadr hazırlığı, dövrün tələblərinə uyğun olaraq maddi-texniki bazanın yenilənməsi, müasir texnologiyalardan istifadə olunması istiqamətində atılan addımlar bütövlükdə, dövlətin qayğısının təzahürü və Ulu Öndərin siyasi kursunun laiqincə davam etdirilməsidir”.

Qeyd edək ki, dövlətçilik maraqlarının qorunmasında, qanunun aliliyinin təmin olunmasında, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində xidməti vəzifələrin yerinə yetirilməsində fərqləndiklərinə görə rayon prokurorluğunun bir sıra əməkdaşları Lənkəran Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif ediliblər. 

Tədbirdə iştirak edən hüquq-mühafizə orqanlarının rəhbərləri də çıxış edərək prokurorluğun əməkdaşlarını təbrik ediblər.