Payızlıq əkinlər ərəfəsində fermerlərin sertifikatlaşmış, iqlimə uyğun, keyfiyyətli toxuma əlçatanlığını təmin etmək, toxum bazarını və yerli toxumçuluğu inkişaf etdirmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti toxum sərgi-satış yarmarkası və Aqrar Biznes Festivalı Balakən və Qax rayonlarında keçirilib.
"Unikal" xəbər verir ki, yarmarkada dənli (arpa, buğda), tərəvəz, pambıq bitki sortları və toxumları sərgilənib, satışı həyata keçirilib.
Toxum sərgi-satış yarmarkalarında Şəki-Zaqatala iqtisadi rayonunu əhatə edən Balakən, Qax, Qəbələ, Şəki, Zaqatala, Oğuz rayonlarından toxumçular və bu sahədə fəaliyyət göstərən özəl şirkətlər iştirak ediblər. Yarmarkalarda əkin materialı kimi sertfikatlı toxumdan istifadənin üstünlükləri, yerli şəraitə və torpaq xüsusiyyətlərinə uyğun toxum seçimi, məhsuldarlığın artırılmasında aqrotexniki qulluğun rolu barədə fermerlərə məlumat verilib.
Balakən rayonunda Şəki-Zaqatala iqtisadi rayonunun yekun tədbiri keçirilib. Balakən “ASAN xidmət” mərkəzi və Qax rayonu Nizami parkının qarşısında keçirilən festivallarda Kənd Təsərrüfatı Nazirliyinin qurumları və digər dövlət qurumları öz xidmətləri barədə fermerləri məlumatlandırıblar.
Eyni zamanda, festivallarda toxum və toxuma qulluq vasitələri, müasir suvarma sistemləri, müxtəlif kənd təsərrüfatı texnika və aqreqatları, pilotsuz uçuş aparatları, bitki mühafizə vasitələri sərgilənib.
Kənd təsərrüfatı məhsullarının nümayişi ilə yanaşı, festival çərçivəsində kredit yarmarkası keçirilib. Yarmarkada fermerlərə müxtəlif kredit məhsulları, aqrar təyinatlı kreditlərin verilmə şərtləri ilə bağlı məlumat verilib, fermerləri maraqlandıran suallar cavablandırılıb.
Festival çərçivəsində Balakən rayonunda “Şəki-Zaqatala iqtisadi rayonunun aqrar sektorunun gələcək inkişaf perspektivləri” mövzusunda panel müzakirə keçirilib.
Panel müzakirədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirilməsi) Mərkəzi, Əkinçilik, Meyvəçilik və Çayçılıq elmi-tədqiqat institutlarının mütəxəssisləri və “NutLab” startapının rəhbərinin iştirakı ilə regionun kənd təsərrüfatının prioritet istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar.
Festivalda COP29 tədbirinin prioritetlərinə uyğun olaraq alternativ enerji qurğuları, iqlim dəyişikliyinə davamlı yerli meyvə-tərəvəz toxumları və ekoloji məhsullar nümayiş olunub.
Qeyd edək ki, cari il ərzində ölkənin 10 müxtəlif rayonunda toxum sərgi-satış yarmarkası təşkil edilib və Cəlilabad, Şabran, Beyləqan rayonlarında da keçirilməsi nəzərdə tutulur.