Azərbaycanda 1400 bələdiyyə birləşəcək. Birləşmə nəticəsində ölkədə bələdiyyələrin sayı 1606-da 684-ə düşəcək. Əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə digər bələdiyyələrlə birləşdirilir.
Birləşmə və ya ayrılma nəticəsində əhalisinin sayı 3000 nəfərdən və (və ya) ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla yol verilir.
Bəs görəsən, birləşmə nəticəsində ölkəmizdə böyük şəhər bələdiyyələri yaranacaq?
Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov "Unikal"a açıqlamasında bildirib ki, bu, ilk növbədə kiçik kənd bələdiyyələrin birləşməsidir. Onun sözlərinə görə, əhali sayı 3 minə qədər olan yerdə bələdiyyə olacaq:
"Rayonlar var ki, 60-70 bələdiyyə var. Bunlar birləşəndən sonra bəzilərində 15, 20 və digər sayda bələdiyyə olacaq. Əgər əhali sayı 3000-dən azdırsa, orada bələdiyyə ola bilməz, digərləri ilə birləşməlidir. Bununla ələdiyyələrin maddi bazası möhkəmlənəcək, idarəçilik sistemi təkmilləşdiriləcək. Həmçinin, əhalinin sosial problemlərinin həllində yaxından iştirak etmək mümkün olacaq. 60-70 və ya 300-400 nəfərin yaşadığı yerlərdə bələdiyyələr var ki, nə onların maddi durumu qaydasındadır, nə də icarəyə verdikləri yerlərin pullarını yığa bilirlər".
Komitə sədri qeyd edib ki, böyük bələdiyyələrin yaranması mexanizmi başlayıb: "Amma şəhərlərdə bu məsələ yoxdur. Gəncədə birləşən yerlər olacaq. Bakıdan başqa digər şəhərlərdə də bu proses gedir. Bakıda rayonlar böyükdür, hərəsində 250-300 min və ya digər sayda əhali yaşayır. Bunlarda vahid bələdiyyələr mövcuddur".
Böyük şəhər bələdiyyələrinin nə zaman yaradıla biləcəyinə gəlincə, S.Novruzov söyləyib ki, birinci mərhələni keçək, sonra digər mərhələlərə baxacayıq.
Anar Kəlbiyev