Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının fəalları 2020-ci ilin oktyabr ayında Ermənistan tərəfindən 5 dəfə terror hücumuna məruz qalmış Gəncə şəhərinə səfər edib.
"Unikal" xəbər verir ki, səfər çərçivəsində Gəncə şəhərinin mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsi, Şəhidlər Xiyabanı, Gəncə Şəhidləri Memorial Kompleksi və 2020-ci ilin oktyabr ayının 4-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən raket hücumu nəticəsində 1 mülki şəxsin həlak olduğu, 32 dinc sakinin yaralandığı ərazi ziyarət olunub.
Məlumat verilib ki, cəbhədən yüzlərlə kilometr aralıda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə 4, 5, 8, 11 və 17 oktyabr 2020-ci il tarixlərində, xüsusilə gecə saatlarında əhalinin yatdığı vaxt xaincəsinə təşkil olunmuş hücumlar nəticəsində 10 nəfəri kişi, 10 nəfəri qadın və 6 nəfəri uşaq olmaqla, 26 dinc sakin qəsdən öldürülüb, 6 ailə tamamilə məhv edilib. 86 nəfəri kişi, 57 nəfəri qadın, 32 nəfəri uşaq olmaqla, 175 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 24 nəfəri 60 yaşdan yuxarı, 21 nəfəri 5-18 yaş arası, 11 nəfəri 5 yaşadək olub. Terror hadisələri zamanı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Sonra Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun anası və 17 oktyabr 2020-ci il tarixində Ermənistanın “Skat” ballistik raketləri ilə hücumu nəticəsində ailəsinin 5 üzvünü itirmiş Əsgərovlar ailəsi ziyarət edilib.
Daha sonra Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının qərargahında gənclərlə görüş keçirilib.
Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri, partiyanın İdarə Heyətinin üzvü Bayram Aslanov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Taleh Əliyev, Nizami Bələdiyyəsi sədrinin birinci müavini, müharibə veteranı Heydər Rəhimov, Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyeva və başqaları çıxış edib, Azərbaycanın parlaq Zəfərindən, gənclərin vətənpərvər ruhda yetişdirilməsindən, qarşıda duran vəzifələrdən söz açılıb.