“Kəskin respirator virus infeksiyaları olduqca çoxdur. Bunların arasında fəsli qrip nisbətən daha təhlükəli olub ağırlaşmalar və əlverişsiz nəticələr ilə fərqlənir”.
"Unikal" xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov açıqlayıb.
Onun sözlərinə görə, bu infeksiyalardan qorunma yolları əsasən qeyri-spesifikdir və hava-damcı yolu ilə yayılan bütün infeksiyalar üçün ümumidir (maskanın geyilməsi, əl gigiyenası və s.):
“Qripə qarşı spesifik və effektiv qorunma vasitəsi peyvənddir. Hər il sentyabr-oktyabr aylarında dövriyyədə olan fəsli qrip viruslarına qarşı olunan peyvənd həmin şəxsi növbəti vaksinasiyadək qoruyur”.
Mütəxəssis-ekspert qeyd edib ki, ölkəmizdə hər il Səhiyyə Nazirliyi tərəfindən belə peyvəndlər gətirilərək ambulator-poliklinik müəssisələrə paylanılır və qripə qarşı vaksinasiyanın əhali, birinci növbədə risk qrupları arasında aparılmasına çağırışlar edilir:
“Yadda saxlamaq lazımdır ki, yalnız vaxtında edilən peyvənd bir çox xoşagəlməz fəsadların və ağır nəticələrin qarşısını ala bilər”.