"Futbolun inkişafı ilə bağlı problemlər əvvəlki kimi qalır. Buna xüsusi diqqət yetirilməsi müşahidə olunmur. Ona görə də Azərbaycan futbolunu hansısa şəkildə inkişaf etdirmək çətindir".
Bunu "Unikal"a açıqlamasında deputat Fazil Mustafa deyib. Onun sözlərinə görə, haradan məşqçi gətirirsən-gətir, uşaq futbolu inkişaf etmədiyinə görə problem hələ də qalacaq:
"O cümlədən, milli çempionatın səviyyəsi yüksəlməlidir. Futbol özəl diqqətə götürülməli, gələcək strategiya müəyyənləşdirilməlidir. Həmçinin, futbol üzrə dövlət proqramı qəbul olunmalıdır. Bütün sahələrdə səmimi şəkildə səhvlər etiraf olunmalıdır. İş adamlarının bu sahəyə gəlməsi, vergidən azad olunması, güzəştli şərtlərlə futbola yatırım qoyması vacibdir. Bunlar olmasa, Azərbaycan futbolunda digər sahələrdə bəzi boşluqlar olduğu kimi burada da qalacaq, yeniləşmə baş verməyəcək".
Deputat qeyd edib ki, məşqçi dəyişməsi ilə nəyinsə dəyişəcəyini gözləmək sadəlövhlük olar:
"Milli çempionatın səviyyəsini bildiyimə görə, komandamız gözlədiyimdən bir az yaxşı oynayır. Fikrimcə, daha pis oynamalıdırlar. "Qarabağ"dan başqa Avropa məkanına daşıya biləcəyimiz komanda yox səviyyəsindədir. Düşünürəm ki, futbola ayrıca diqqət yetirilsə, inkişaf yaratmaq mümkün olar".
Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasında keçirdiyi 4 oyunun hamısında məğlub olub.
Anar Kəlbiyev