Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 21-ci və Xankəndidə Azərbaycanın Dövlət Bayrağının ucaldılmasının birinci ildönümü münasibətilə “Biz tarix yazırıq” mövzusunda dəyirmi masa keçirilib.
"Unikal" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin mərkəzin qarşısında ucaldılan abidəsinin önünə gül dəstələri düzüb, Ümummilli Liderin əziz xatirəsini ehtiramla anıblar.
Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə son 21 il ərzində əldə olunmuş uğurlardan bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyətinin şöbə müdiri, “91-lər”dən biri Munis Bayramov çıxış edərək 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində xalqımızın Ulu Öndər Heydər Əliyevin müraciətini dəyərləndirərək İlham Əliyevə səs verməsinin tarixi uğurlarımızın əsasını təşkil etdiyini deyiblər. Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə öz tarixinin şərəfli dövrünü yaşayır.
Müxtəlif sahələrdə əldə olunan nailiyyətlərdən danışan natiqlər dövlət başçısının 21 illik fəaliyyətinin zirvəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasının dayandığını xüsusi qeyd ediblər.
O da bildirilib ki, Müzəffər Ali Baş Komandanın ötən il oktyabrın 15-də Xankəndidə üçrəngli Dövlət Bayrağımızı ucaltması ilə Zəfər tariximizə daha bir şanlı səhifə yazıldı.
Tədbirdə çıxış edən 180 nömrəli tam orta məktəbin direktoru Atakişi Cəfərov, 184 nömrəli tam orta məktəbin direktoru Müşfiq Məmmədov, Lökbatan Tibb Mərkəzinin əməkdaşı Gül Qədirli, “Qarabağ Qaziləri” İctimai Birliyinin Qarabağ filialının sədr müavini Qafqaz Əhmədov və digərləri də 15 oktyabr 2003-cü il tarixini Qələbəyə gedən yolun başlanğıcı kimi dəyərləndiriblər.
Qeyd edək ki, həmin gün Lökbatan Tibb Mərkəzində də tədbir keçirilib. Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Lökbatan Tibb Mərkəzinin direktoru Elçin Hüseynov və digərləri çıxış edərək bildiriblər ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən 21 il ərzində düzgün və praqmatik siyasət yürüdərək dövlətə və xalqa zəfərlər qazandırıb.