Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev ali məktəbə yüksək balla qəbul olan tələbələrlə görüşüb.
"Unikal" xəbər verir ki, artıq yeni tədris ilinin ilk ayının arxada qaldığını, tələbələrin BMU ilə yaxından tanış olduqlarını önə çəkən rektor onların tədris prosesi ilə bağlı rəy və təkliflərini, eləcə də qayğılarını dinləməyə hazır olduğunu diqqətə çatdırıb.
Ali təhsil ocağının rəhbəri builki qəbulda BMU-nun əldə etdiyi müsbət göstəricilərdən biri kimi yüksək ballı tələbələrin sayının artmasını vurğulayaraq onların texnoloji ixtisaslara maraqlarını təqdir edib, müasir dövrün tələblərinə cavab verən mütəxəssis kimi yetişmələri üçün dövlətimiz və universitet səviyyəsində atılan addımlardan danışıb.
Rektor bu il BMU-ya qəbul olan 2127 tələbənin 265 nəfərinin 500-dən yuxarı, 52 nəfərinin isə 600-700 bal arasında nəticə göstərdiyini fikirlərinə əlavə edib.
Gənclərin elmə, biliyə həvəsli, innovasiyalara açıq, həmçinin vətənpərvər olmalarının hər zaman böyük qürur yaratdığını deyən Yaqub Piriyev gələcəkdə mükəmməl bir kadr olaraq dövlətimizin inkişafına, xalqımızın rifahına mühüm töhfələr verəcəklərinə inandığını söyləyib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”ndan bəhs edən rektor hər il bu proqramla yüzlərlə gəncin dünyanın tanınmış universitetlərində ali təhsilin bütün səviyyələri üzrə oxumaq imkanı qazandığını, onların arasında BMU məzununlarının da olduğunu bildirib. Xaricdə təhsil almaq şansını ölkəmizdə gənclərə göstərilən böyük diqqət və qayğı kimi dəyərləndirən rektor 2028-ci ildə adıçəkilən proqramın qalibləri sırasında bu il BMU-nu seçən tələbələrin də olacağına əminliyini dilə gətirib.
Universitetdə tələbələrin bilik və bacarıqlarının artırılması, startap layihələrinin reallaşdırılması istiqamətində yaradılan imkanları da sadalayn rektor, həmçinin tələbələrə qazandıqları nailiyyətlərin davamlı olması üçün əzmlə çalışmağı, tələbə klubları və təşkilatlarında fəallıq göstərməyi tövsiyə edib.
Görüş diskussiya şəraitində, tələbələrin arzu və təkliflərinin dinlənilməsi ilə davam edib. Onların qaldırdıqları müxtəlif məsələlər yerindəcə araşdırılıb, bir qisminin həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verilib.
Yaqub Piriyev, eyni zamanda görüşdə iştirak edən müvafiq strukturların rəhbərlərinə tələbələrlə daha aktiv işləməyi, onların üzləşəcəkləri hər hansı problemin həllinə dərhal köməklik göstərməyi tapşırıb.
Çıxışlar zamanı tələbələrin asudə vaxtlarının daha səmərəli təşkili, nizam-intizama ciddi riayət edilməsi kimi məsələlər də vurğulanıb.
Sonda belə görüşlərin davamlı keçirilməsi qərara alınıb.