Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2024-cü il üçün birgə Tədbirlər Planına uyğun olaraq, oktyabrın 16-da İmişli şəhərində “Narkomaniya bəşəriyyət üçün təhlükə mənbəyidir” mövzusunda tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə İmişli şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.
İmişli rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, İmişli Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini, RİH yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Mirzə Quliyev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev və Səhiyyə Nazirliyi Sumqayıt Şəhər Narkoloji Dispanserinin şöbə müdiri, həkim-narkoloq Vüsal Cabbarov çıxış ediblər.
Bildirilib ki, bəşəriyyəti düşündürən ən ağrılı problemlərdən biri narkomaniyadır. Ona görə də bu problemlə mübarizə qlobal xarakter daşıyır. Qeyd edilib ki, bu gün ölkəmizdə narkomaniyaya qarşı mübarizə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, bu sahədə hüquq-mühafizə orqanlarının fəaliyyətinin daha da gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət göstərilir. Xüsusilə, gənclər arasında narkomaniyaya qarşı mübarizədə təbliğat işlərinin daha da gücləndirilməsi mühüm əhəmiyyət daşıyır.
İnteraktiv formada davam etdirilən tədbirdə gənclərin sualları cavablandırılıb.
Tədbir iştirakçılarına narkomaniya ilə mübarizənin təşviqi məqsədilə Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər paylanıb.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.