2024-cü ilin 11-13 oktyabr tarixlərində Rusiya Federasiyasının Rostov şəhərində döyüş sənətləri (koşiki karate-do idman növü) üzrə "Avrasiya Kuboku 2024" beynəlxalq festival-turnir keçirilib.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Şorinciryu Kenkokan Karate-do Koşiki Karate Federasiyasından məlumat verilib.
Bildirilib ki, adıçəkilən turnirdə kata və kumite növləri üzrə yarışlarda federasiyanın baş məşqçisi Nazim Mövsümzadənin rəhbərliyi ilə Azərbaycan Şorinciryu Kenkokan Karate-do Koşiki Karate Federasiyasının 3 məşqçi (Nazim Mövsümzadə, Sevinc Mövsümzadə, Kənan İsmayılzadə) və 10 idmançıdan ibarət yığma komandası da iştirak edib və hər zaman olduğu kimi ölkəmizin idman şərəfini layiqincə qoruyaraq qürurverici nailiyyətlərlə Vətənə qayıdıb.
Kubok yarışlarında 7 iştirakçı dövlət yer alıb. Rusiya, Azərbaycan, Osetiya, Özbəkistan, Qazaxıstan, Belarus və Abxaziyadan olan 500-ə yaxın idmançının da qatıldığı turnirin nəticələrinə əsasən idmançılarımız kata və kumite yarışlarında 8 qızıl, 4 gümüş və 3 bürünc medal qazanaraq komanda hesabında 1-ci yerə layiq görülüb.