İnnоvаsiya və Rəqəmsal İnkişaf Agentliyi "digital.azerbaijan" brendi altında ölkədə rəqəmsallaşmanın genişlənməsini və müxtəlif dövlət qurumları tərəfindən təqdim olunan rəqəmsal xidmətlərin istifadəsini təşviq etməyə davam edir.

"Unikal" xəbər verir ki, bu xidmətlər və təşəbbüslər ölkədə rəqəmsal keçidin sürətlənməsinə və vətəndaşların, o cümlədən əcnəbilərin və  vətəndaşlığı olmayan şəxslərin dövlət xidmətlərindən rahat və rəqəmsal formada yararlanmasına dəstək verir.

Dövlət Miqrasiya Xidməti tərəfindən təqdim olunan növbəti belə xidmət vasitəsilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər  Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyat prosesini tam rəqəmsal formada həyata keçirirlər. Bu xidmətdən istifadə etməklə əcnəbilər ölkəyə gəlişləri zamanı heç bir fiziki məkana getmədən onlayn şəkildə olduqları yer üzrə qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat üçün əcnəbi ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində (Qazaxıstan Respublikasının vətəndaşları 30 gün ərzində) Dövlət Miqrasiya Xidmətinin elektron portalına daxil olaraq müraciət etməlidir. Belə ki, https://e-regv2.migration.gov.az/Unregistered/Application  linkinə keçid etməklə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ad, soyad, sərhədkeçmə sənədi, qeydiyyat ünvanı və qəbul edən tərəf barədə məlumatları qeyd edərək asan qaydada olduğu yer üzrə qeydiyyata alına bilərlər.

Qeydiyyat prosesi zamanı yaranan suallar Xidmətin 24 saat 3 dildə fəaliyyət göstərən 919-Çağrı mərkəzi tərəfindən operativ şəkildə cavablandırılır.

Qeyd edək ki, Azərbaycan Respublikasında 15 gündən artıq (Qazaxıstan Respublikasının vətəndaşları 30 gündən artıq) müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.

Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, o, yeni olduğu yerə gəldiyi vaxtdan 5 iş günü ərzində Miqrasiya Məcəlləsinin 21.2–21.5-ci maddələrində nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs qeydiyyata alındığı mənzilin (yaşayış sahəsinin) sahibinə məxsus digər mənzildə (yaşayış sahəsində) müvəqqəti qaldıqda, onun olduğu yer üzrə yenidən qeydiyyata alınması tələb olunmur.

Bu rəqəmsal yanaşma, həm əcnəbilər üçün, həm də dövlət qurumları üçün prosesləri sadələşdirir, vaxt və resurslara qənaət etməklə daha səmərəli xidmət göstərilməsinə imkan yaradır.