Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfər edib. Dövlət başçısının səfər çərçivəsində bir sıra görüşləri olub. Həmin görüşlərdə səsləndirilən fikirlər Azərbaycanın qlobal problemlərin həllinə böyük töhfələr verdiyini bir daha təsdiq etdi. Qeyd edək ki, builki Sammitin əsas mövzusu “Ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliyin gücləndirilməsi”dir. Sammitə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş qatılıblar. BRICS Sammitinin əsas prinsipinin problemlərə qarşı müştərək həll yollarının axtarılması və mövcud böhranların idarə olunmasında kollektiv tədbirlərin həyata keçirilməsidir. Sammitin əsas məqamlarından biri də BRICS-in genişlənməsi, yeni üzvlərin qəbul edilməsidir. Bu, BRICS-in daha böyük beynəlxalq təşkilata çevrilməsi istiqamətində atılan vacib addımlardan biridir.
"Unikal" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, Sammitin mövzusuna diqqət yetirdikdə bu məsələnin Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğu, ölkəmizin daim bu istiqamətdə çağırışlar etdiyi diqqətdən kənarda qalmır. Belə ki, Azərbaycan multilateralizm prinsipini əsas götürərək çoxtərəfli diplomatiyanı həyata keçirir. Regionda sülhün, təhlükəsizliyin təmin edilməsi, yeni əməkdaşlıq formatlarının yaradılması dövlətimizin xarici siyasətində xüsusi yer tutur. Bu isə öz növbəsində müxtəlif qütblərin bir araya gətirilməsində, yeni dostların, tərəfdaşların qazanılmasında Azərbaycanın rolunu daha da artırır.
Vüqar Rəhimzadə onu da əlavə edib ki, Azərbaycanın bu istiqamətdə fəaliyyətinin miqyasının təsəvvür etmək üçün BMT Baş Assambleyasından sonra ikinci böyük təsisat olan Qoşulmama Hərəkatına sədrliyi dövrünü yada salmaq kifayətdir.
Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatın institusional inkişafına yönəldi. Qlobal qütbləşmənin, müharibələrin, münaqişələrin, ərzaq, enerji və humanitar böhranların mövcud olduğu müasir dünyada Qoşulmama Hərəkatı təkcə üzv ölkələrin maraqlarının müdafiəsi, bir-birini dəstəkləyən təsisat deyil, beynəlxalq arenada daha fəal rol oynayan platforma olduğunu fəaliyyəti ilə təsdiqlədi.
Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan malik olduğu imkanlardan, təcrübədən istifadə edərək hazırda iqlim dəyişmələrinin yaratdığı problemlərə qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsinə töhfələrini artırmağa səy göstərir. Ötən ilin sonunda COP29-un ölkəmizdə keçirilməsi barədə qərarın qəbul edilməsi də bu məqamlara işıq saldı.
BRICS-ə üzv dövlətlərin Azərbaycanın qurumda təmsil olunmasında maraqlı olmaları ölkəmizin xarici siyasətinin prinsiplərinin dəyişməzliyinə söykənir. Azərbaycan hər zaman xarici siyasətində bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsiplərini öndə saxlamaqla, çoxqütblü dünya nizamının formalaşmasına töhfələri ilə diqqətdədir. Dövlətimizin başçısı sözügedən Sammitdəki çıxışında da bu məqamı xüsusilə tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik.