"Avropa İttifaqı Rusiyaya və Çinə qarşı dura bilmək üçün inkişaf etməkdə olan ölkələrə hörmətlə yanaşmalıdır".
"Unikal" Bizimyol.info-ya istinadən xəbər verir ki, bu sözləri Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel "Financial Times" nəşrinə bugünkü müsahibəsində deyib. Şarl Mişel bildirib ki, Avropa İttifaqı "strateji, ticarət və ya siyasi razılaşmalar imzaladığı ölkələrə ağıl öyrətmək əvəzinə onları anlamağa çalışmalıdır".
Şarl Mişel deyib ki, Aİ Afrikada, Latın Amerikasında və Cənub-Şərqi Asiyada tərəfdaşların sayını artırmaq istəyirsə, yanaşmanı dəyişməlidir.
"Bizə elə gəlir ki, nəyin doğru, nəyin yanlış olduğunu biz bilirik, amma başqalarının niyə başqa cür düşündüyünü anlamaq üçün səy göstərmirik",-deyə Şarl Mişel bildirib. Avropa İttifaqının inkişaf etməkdə olan ölkələrlə "ünsiyyət, özünüifadə, söhbət, onlara hörmət baxımından" qüsurlara yol verdiyini deyən Mişel BRICS-in Kazan sammitində NATO üzvü, Avropa İttifaqına namizəd olan Türkiyənin, İttifaqın ticarət tərəfdaşı, ABŞ-ın hərbi müttəfiqi Misirin və Birləşmiş Ərəb Əmirliklərinin iştirakını misal gətirib.
Avropa İttifaqı Şurasının sədri bunun səbəbini belə izah edib: "Avropa İttifaqı bəzən tərəfdaşlarına aşağılayıcı tərzdə yanaşır, bununla başqa ölkələri öz standartlarına tabe etmək istəyir. Məsələn, "sarı kart", "qırmızı kart" kimi leksikadan istifadə edir. Belə bir təəssürat yaranır ki, biz meydançada həm oyunçu, həm də hakimik. Qərb yeni dünyanın formalaşmasına mane olmaq istəyir, ancaq o hər halda formalaşacaq. Afrikalı bir lider mənə demişdi: "Siz mənim ölkəmə gəlirsiniz, gedəndə öyüd-nəsihət qoyub gedirsiniz, amma Çin gəlir və gedəndə infrastruktur qoyub gedir""
Şarl Mişel bildirib ki, Avropa Birliyi "köhnə yanaşma" ilə başqa ölkələrə artıq təsir edə bilmir.
Yeri gəlmişkən, Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin öz tənqidlərində haqlı olduğunu Avropa Parlamentinin Azərbaycanla bağlı növbəti qətnaməsi də təsdiq edir. Azərbaycan bu sənədi qeyri-obyektiv və birtərəfli hesab edir. Mişelin "köhnəlmiş yanaşma" və "refleksiya" adlandırdığı qüsurlar bu qətnamədə də özünü aydın şəkildə göstərib.