21 noyabr 2024-cü il tarixdə Ağdam Rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri və partiya fəalları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsi önünə tər gül dəstələri düzərək, ruhuna ehtiramlarını ifadə ediblər. Tədbir Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, daha sonra iştirakçıların çıxışları ilə davam ediblər. Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər 1992-ci il noyabrın 21-də Ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsinin yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoymasından, Yeni Azərbaycan Partiyasının qısa müddətdə xalqın sevimli partiyasına çevrilməsindən, 2005-ci ilin mart ayında keçirilən YAP-ın III Qurultayında Azərbaycan Prezidenti, YAP Sədrinin birinci müavini Cənab İlham Əliyevin partiyanın Sədri seçilməsi ilə partiyanın həyatında yeni mərhələnin başlanmasından bəhs ediblər. Tədbirin sonunda partiya sıralarına qəbul edilmiş bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilib.