Autizm pozuntusunun erkən aşkarlanması və sonrakı reabilitasiyası üçün dövlət proqramının qəbul olunması vacibdir.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Soltan Məmmədov deyib.
Onun sözlərinə görə, uşaqlar arasında bəzi spektrum pozuntuları var ki, onların aşkarlanması və müalicəsi ilə bağlı həm səhiyyə, həm də sosial müdafiə sahəsində xüsusi yanaşma tələb edilir: “Bu gün genetik və ətraf mühit faktorları ilə bağlı yaranan autizm pozuntusunun erkən aşkarlanması və sonrakı reabilitasiyası üçün dövlət proqramının qəbul olunması vacibdir. Erkən diaqnostika, keyfiyyətli reabilitasiya uzunmüddətli perespektivdə həm dövlət büdcəsinin, həm də əhalinin maliyyə yükünün azaldılmasına xidmət edəcək. Bu problemin həllinə bu cür sistemli yanaşma hazırda səhiyyə və sosial müdafiə sahəsində həyata keçirilən tədbirlərin effektivliyini daha da artırmış olacaq”.
Anar Kəlbiyev